ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner bu günBarak Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəklədiyini bəyan edib və həmkarları tərəfindən eyni addımın atılmasının zəruri olduğunu bildirib.
Milli.Az APA-ya istinadən bildirir ki, Beyner bu gün Konqresin digər liderləri ilə prezident Obama ilə görüşüb.
“Mən prezidentin çağırışını dəstəkləmək niyyətindəyəm”, - deyə Beyner görüşdən sonra jurnalistlərə deyib.
Konqresdə azlıq təşkil edən Demokratlar fraksiyasının lideri Nensi Pelosi də prezident Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəkləyib. “Suriyada kimyəvi silahdan istifadə faktını diqqətsiz qoymaq olmaz. ABŞ bunu cavabsız qoymamalıdır”, - deyə Pelosi qeyd edib.
---------
17:37
Sentyabrın 3-də Aralıq dənizi akvatoriyasında buraxılmış raketlər İsrail Raket Hücumundan Müdafiə Sistemi üçün təlim hədəfləri olub.
APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, məlumatlı mənbə “Anchor” raketlərinin RHM sistemlərinin döyüş hazırlığı vəziyyətini yoxlamaq üçün istifadə olunur.
Raketlər akvatoriyaya ABŞ-la birlikdə keçirilən təlimlər çərçivəsində atılıb. Aralıq dənizi akvatoriyasından atılan hədəf raketləri İsrail ərazisindəki radarlar vasitəsilə uğurla izlənib.
Xatırladaq ki, Rusiya Raket Hücumundan Xəbərdarlıq Sistemi (SPRN) bu gün səhər Aralıq dənizi akvatoriyasında iki ballistik hədəfin startını qeydə alıb. Bununla bağlı müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məlumat verib.
Pentaqonun mətbuat xidmətinin növbətçisi isə bildirib ki, idarədə Aralıq dənizində ballistik hədəflərinin işə salınmaları haqqında məlumat yoxdur. Fransa Müdafiə Nazirliyi də ballistik hədəflərinin işə salınması haqqında məlumatlara malik olmadığını açıqlayıb. NATO isə hadisə haqqında informasiyanı yoxlayır.
---------
15:47
Rusiyanın raket əleyhinə müdafiə sistemi Aralıq dənizi akvatoriyasında iki ədəd ballistik raket buraxılmasını qeydə alıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Suriyadakı mənbələr deyirlər ki, raketlər bu ölkənin ərazisinə düşməyib. Onlar dənizə düşüb.
Moskvadakı hərbi-diplomatik mənbələrə əsasən, bu raketlər Aralıq dənizindəki Amerika gəmilərindən buraxılıb. Onlar meteoroloji vəziyyəti yoxlamaq üçün atılıb.
Raketlərin buraxılması Bakı vaxtı ilə saat 11:16-da baş verib.
Mənbə: Milli.az