Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Ağstafada rayon təhsil işçiləri yeni - 2013/2014-cü tədris ilinə həsr olunan konfrans keçirib. Konfransda Təhsil Nazirliyindən nümayəndə, rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər iştirak ediblər.
Konfransda bildirilib ki, Ağstafa rayonunda təhsilin inkişaf dinamikası ötən illərə nisbətən sürətlənib. Təhsilin keyfiyyətinin artırılması məqsədilə kənd məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir. Göycəli, Köçəsgər, Tetli və Düzqışlaq tam orta məktəblərinin binaları yenidən tikilib, digər məktəblər isə əsaslı şəkildə təmir olunub. Tədris müəssisələrinin qışa hazırlığı da təmin edilib.
Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev: “Konfransda önə çəkilən məsələlər əldə olunan nailiyyətlər və problemlər olub. Qeyd edim ki, rayonda üç yeni məktəb tikilib. Bir çoxunda əsaslı təmir işləri aparılır. Poylu məktəbindən başqa, demək olar ki, rayonun bütün məktəbləri əsaslı sürətdə təmir olunub. Sentyabrın 15-də onların hamısını istifadəyə verəcəyik”.
Konfrans zamanı rayondan təhsil sahəsində mövcud çatışmazlıqlar açıq mikrofon formatında müzakirə edilib, kənd məktəblərinə aparan yolların bərbad olması xüsusi vurğulanıb. Ağstafa rayon İcra Hakimiyyətinin başçısıMəhərrəm Quliyev adıçəkilən problemlərin tezliklə aradan qaldırılacağını bildirib. Məruzə ilə çıxış edən Təhsil Nazirliyinin nümayindəsi Əsgər Quliyevbildirib ki, Ağstafa məktəblərində dərslik təminatı da yüksək səviyyədə aparılır.
Rayonda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlərdən də danışan təhsil şöbəsinin müdiri Fərhad Vəliyev qeyd edib ki, rayonda bir çox müəllimlər İKT ilə bağlı təşkil olunan kurslardan keçiblər. Pedaqoqlar isə kəndlərdə müasir məktəblərin tikintisinin uşaqların təhsilə marağını artıracağını düşünür.
Ağstafa rayon Köçəsgər 1 saylı tam orta məktəbin direktoru Tağı
İmamverdiyev: “Köçəsgər Ağstafa rayonunun ən böyük kəndlərindən biridir. Kənddə iki tam orta məktəb fəaliyyət göstərir. Bizim məktəbimizdə 404 şagird təhsil alır. Məktəbimiz 1927-ci ildə inşa edilib və qəzalı vəziyyətdədir. Artıq məktəbin tikintisi yekunlaşmaq üzrədir”.
Konfransda məktəb müəllimləri yeni tədris ilində tədrisin keyfiyyətinin artırılması üçün “Smart Lövhələrin” gətirilməsinin vacibliyini vurğulayıb və bu təklif rayon rəhbərliyi tərəfindən müsbət qarşılanıb, bu istiqamətdə lazımi tapşırıqlar verilib. Onu da bildirək ki, bu il rayon üzrə 406 abituriyent ali təhsil müəssisələrinə iş verib ki, onlardan 216 nəfəri tələbə adını qazanıb və iki nəfər 600-dən yuxarı bal toplayıb. Sonda fərqlənən pedaqoq və şagirdlər fəxri fərmanla təltif olunublar.
Konfransda rayonun təhsil sahəsində dinamik inkişafından da söz açılıb.
Bildirək ki, konfransın yekun qərarı rayon icra hakimiyyətinin yerli mətbuat orqanında dərc olunacaq.
Mənbə: Milli.az