APA-nın məlumatına görə, iclasda MSK katibi Arifə Muxtarova məlumat verib ki, namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağazadənin məsələsi araşdırılıb, təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
Sonra MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, sənədlərin yoxlama prosesində ATƏT-in müşahidə missiyası da iştirak edib. O bildirib ki, İ. Ağazadənin qeydiyyatı ilə bağlı təqdim etdiyi sənədlər araşdırılıb. Onun namizədliyinin qeydə alınması üçün 102 seçki dairəsi üzrə 43.950 ədəd imza toplanıb. Yoxlama zamanı 40152 imza etibarlı hesab olunub.
Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün, onun müdafiəsi məqsədilə ən azından 40 min imza toplanmalıdır. Bu səbəbdən də İqbal Ağazadənin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir.
Sonra MSK açıq səsvermə yolu ilə İ. Ağazadənin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Qeyd edək ki, buna qədər MSK tərəfindən prezident İlham Əliyevin namizədliyi qeydə alınmışdı.
Mənbə: Lent.az