Qadin.NET / Yaddaşımı bir külək vərəqləyə...

Yaddaşımı bir külək vərəqləyə...

Yaddaşımı bir külək vərəqləyə...

Oğulun ATAsına, USTADına  həsr etdiyi məqaləni qələmə almağın həyəcanını yaşayaraq yazıram bu sətirləri.

Sözün ən səmimi və ən doğru mənasında mənə yazı yazmağı öyrədən bir İNSAN haqqında yazı yazıram. Bu da həyatın unudulmaz, bəlkə də ən çətin bir anı... Bəli, olduqca çətin. Çünki ömrümün uşaq günündə müdriklik mərtəbəsini ziyarət edəcəm onun sayəsində...

Əslində hər şey mənim dünyaya gəlişimlə başladı... gözlərimi açdım, onu tanıdım... gözlərimi bağladım onu gördüm...

O, ondan sonra gördüklərimə, tanıdıqlarıma bənzəmədi... “başqa dünyanın insanıdı yəqin” – deyə düşündüm və özümlə razılaşdım, çünki yanılmamışdım. Duyğu yüklü xatirələrin qalaqlanmağa başladığı bir zamanda dost olduq onunla, ata-oğul timsalında. Mənə sevgini o öyrətdi... nifrəti öyrətmədi. Daha sonra Vətəni sevməyi də öyrətdi mənə, ağlamamağı da. Amma sonralar onu vətəndən də çox sevməyə başladım, məmləkətimin ən gözəl insanı kimi.

Onda mən uşaq idim, o isə cavan. “Xalq qəzeti”nin baş redaktorunun müavini vəzifində çalışırdı. İşləri yaman çox olurdu deyəsən. Daha sonra elə həmin qəzetin nəzdində “Cümə” və “Bazar” əlavələrinə rəhbərlik etməyə başladı və... O evə gələndə mən artıq uşaqlığın yuxu əzabını dadmış olurdum.

Ömürdən illər ötdü. Fikrimcə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olduğum gün onun günü idi. Çünki oğlu bir vaxtlar onun oxuyub bitirdiyi fakültənin tələbəsi olmuşdu. Ali məktəbə qəbul olduğum o gün məni bərk-bərk qucaqladı, heç nə demədi. O sakitlik ömrümün ən mənalı və ən kədərli, həm də həyatımın istiqamətverici çıxışı olacaqdı.

Özümü tanıdığım andan etibarən ona oxşamağa çalışdım. Pianonu öyrəndim, şeir yazdım, rus ədəbiyyatını oxuyub bitirdim, Jurnalistika fakültəsinə daxil oldum, qəzet nəşr etdim, hərdən saqqal da saxladım. Kimlərsə məni ona bənzədəndə sevindim. Və gün gəldi qəzetimizin gecikən hazırlıq prosesi evə gec gəlməkliklərimə səbəb oldu. İndi mən işdən evə gələndə, o, artıq yorğunluğun istirahət payını dadmış olur. Bu da bir qismət, bir naxışdır.

Hər zaman heyranam onun istənilən məqama uyğun bir atalar sözü, bayatı, şeir, aforizm söyləməsinə. Bu, illərin yuxusuz gecələri anlamına gəlir. Hətda bir ara məhz buna görə aforizmlər kitabını günlərlə vərəqləyib ordan nəsə əzbərləməyə çalışdığım zamanlar da oldu. Bəli, bu, müdrik bir atanın bir tərbiyə üsulu idi...

Aldığı hər nəfəs mənə həyat verir desəm, yanılmaram. Çünki onun varlığıdır məni ayaqda saxlayan. Onun haqqında söylənən fikirlər hər zaman marağıma səbəb olub. Elə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qocaman müəllimləri o gündən bu günə yüzlərlə tələbə yetişdirsələr də Rauf Ağayevin tələbəlik illərinin demək olar ki, hər anını xatırlamaları məncə uzaq keçmişin isti, sayğılı, duyğu yüklü xatirəsidir. “Hər oğul atasına oxşamaq istəyir” – deyirlər. Amma hər oğula da atasının müəllimləri tərəfindən yetişdirilmək nəsib olmur. Mənə isə bu nəsib oldu.  Bəli, mənim ən böyük arzum atamı ötməkdir. Bunu onun özünə də demişəm. Gülümsəyib, razılaşıb.

Mən onun atasının adını daşıyıram. Həyatdan vaxtsız köçmüş babamı yaşadıram sətirlərdə. Bizi daha mehriban, yaxın, dost edən amillərdən biri də məhz budur.

O, həm də gəncliyini Azərbaycan mətbuatının inkişafına həsr etmiş fədakar, yaradıcı, yenilikçi bir jurnalistdir... sözü sözdən seçən söz sərrafıdır. Məmləkət qəzetəciliyində onlarla ilkə imza atmış Rauf Ağayev Azərbaycan jurnalistikası tarixində ilk müstəqil jurnalistlər birliyi olan “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri olmuşdur. 1992-ci ildə Cəmiyyətin nəzdində ölkə mətbuatında ilk dəfə müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə “Təmas” adlı qəzeti onların ixtiyarına vermişdir. 1993-cü ildə ölkədə ilk dəfə üzvləri tələbə-jurnalistlərdən ibarət olan “Freelancer journalists” (Azad jurnalistlər) qurumunu yaratmışdır. 1994-cü ildə ölkədə ilk dəfə, o vaxtlar pulsuz qəzet adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunan “Reklam. Elan. Xəbər” qəzetinin təsisçisi və redaktoru olmuşdur.

O, xarakterində həm də xeyriyyəçilik funksiyalarını daşıyır. Belə ki, təsis etdiyi cəmiyyət adından 1992-93-cü illərdə BDU jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman, jurnalist Alı Mustafayev adına təqaüd təsis etmiş, Moskvada nəşr olunan “Panorama Azerbaydjana» qəzetinə maddi yardımlar göstərmişdir.

“Vətənə əvəzsiz xidmət dərsi”ni mən yuxarıda sadaladığım uğurları məhz çox sevdiyi vətəni üçün təmənnasız bir şəkildə qazanan o müəllimdən almışam. Jurnalist həmyaşıdlarından daha az gözə dəyməsi xarakterinin təvazökarlıq zirvəsi ilə birbaşa bağlıdır. Bu uğurlu xidmətlərə rəğmən ona hələ də “Əməkdar jurnalist” fəxri adının verilməməsi isə onun günahı deyil!...
Bir dəfə bu “Əməkdar jurnalist” fəxri adı mövzusu ətrafında söhbət edirdik. Dedikləri məni yaman kövrəltdi, düşündürdü və bir az da rahatlatdı: “Qızım magistr təhsili alır, oğlum BDU-nun Jurnalistika fakültəsində oxuyur, təşkilat rəhbəridir, qəzet nəşr edir... özüm də ki, rahatlıqla işimə gedib, evimə qayıda bilirəm... oturub divanda televizoruma rahat baxa bilirəm... bunlar elə əməkdar jurnalistlik deməkdir də”...

İ.Turgenev “Atalar və oğullar” əsərində deyir ki, “Minnətdarlıq – borcdur, vəzifədir”. Bu günə qədər icra etdiyim ən gözəl vəzifəm ona minnətdar olmağımdır. Çünki mən onu sevdiyimə görə özümə minnətdaram... çünki mən özümdən başqa hər kəsi və hər şeyi sevdiyimə görə ona minnətdaram...

Və son olaraq...

O, atadır... hər bir oğula və ataya örnək ola biləcək bir ata – qayğıkeş, isti, alicənab, həmişə haqlı və uğurlu. O, bir müəllimdir... görməyə alışdığımız müəllimlərdən fərqli, dünya görüşlü, bilgili, öyrədə bilmə bacarığına sahib. Mən bu gün güvən hissi ilə əlimə qələm alıb yazı yaza bilirəmsə bunu birinci növbədə Rauf Ağayevə borcluyam. Və eyni zamanda bu gün Azərbaycan jurnalistikasına tövhə verdiyim ilkləri O’nun həyat və yaradıcılığından aldığım dərslərin uğurlu nəticəsi hesab edirəm. Qürurla deyə bilərəm ki, mən və komandam jurnalistikanı A-dan Z-yə qədər ondan öyrəndik. Və özünün də dediyi kimi bir zamanlar jurnalisti qarşılayarkən eşidilən “O” nidasının zamanla “Eh” nidasına çevrildiyi bir zamanda şərəfli bir müəllimin işığına toplaşdıq. Buna əminəm ki, həyat yolunda atdığmız ən doğru və uğurlu addım bu oldu. Çünki məhz bundan sonra özümüzü tanıdıq, uğur qazanmağa başladıq. Həyatın onun ömrünə bəxş etdiyi iki 5 bu 55 illik ömür dilimində çəkdiyi əziyyətlərin və qazandığı uğurların əla qiymətidir. Tale biz tələbələrinin ömrünə 5-ləri yan-yana düzənə qədər ondan öyrənəcəyimiz xüsuslar hələ çox olacaq. Çox yaşa USTAD... ömrümüzə 5-ləri sən düzəsən deyə!

Məmməd Ağayev

“Student TIMES” qəzetinin baş redaktoru

Rauf Ağayevin oğlu

Mənbə: Lent.az

2 sentyabr 2013
GO BACK