Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdikləri “Gəzən kitabxana” sentyabrın 2-dən 8-dək Gəncədə oxucuların ixtiyarında olacaq. Gənclərin mütaliəyə olan marağını artırmaq üçün təşkil olunan layihə çərçivəsində bütün sahələri əhatə edən kitablar təqdim olunur. Paytaxtdan bölgələrə start götürən “Gəzən kitabxana"da Azərbaycan və dünya ədəbiyyatından ümumilikdə 15 min kitab təqdim olunur. Bunlardan 5 mini çap, digər 10 mini isə elektron kitablardır. Səyyar kitabxanadan eyni zamanda orta məktəb dərsliklərini də əldə etmək və yaxud da onların surətini çıxarmaq mümkündür. Kitabxananın rəhbəri Hafiz Bayramov: “Gəncə şəhərində artıq 1-2 saat fəaliyyət göstərməyimizə baxmayaraq 20-ə yaxın oxucu müraciət edib. Daha çox bədii ədəbiyyat, dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilən kitabları oxumaq üçün müraciət edirlər. Yəni oxucular hər mövzuya toxunurlar”. Oxucular isə onları maraqlandıran mövzuda kitablar əldə etdiklərini bildirirlər.
Qeyd edək ki, “Gəzən kitabxana” artıq Respublikamızın Qazax, Tovuz, Quba, Astara və Lənkəran rayonlarına səfər edib. “Gəzən kitabxana” şəhərimizdə 10 gün müddətində fəaliyyət göstərəcək. Bu müddət ərzində kitabsevərlər şəxsiyyəti təsdiq edən sənədlə kitabxanaya müraciət edə bilərlər.
Mənbə: Milli.az