Azərbaycanda internet istifadəçilərinin sayının artması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, nağdsız ödənişlərin və elektron xidmətlərin təşviq edilməsi onlayn ticarətin də həcminin artmasına səbəb olub.
Hazırda ölkədə bir sıra yeni sahələrin yaranması fonunda elektron ticarəti stimullaşdırmaq, onun genişlənməsi sahəsində addımlar atmaqdır. Sözügedən sektorun yüksək gəlirliliyini nəzərə alaraq onlayn ticarəti təmin edəcək saytların yaradılmasına maraq getdikcə böyüməkdədir. Bəs ölkə vətəndaşları internet vasitəsilə fərdi sahibkarlıqla (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) məşğul olarsa nələri bilməlidir? Vətəndaş sayt qeydiyyata malları alıb onlayn reklam edərsə, satışla məşğul olursa (satış mərkəzi - obyekt olmadan, yalnız onlayn satış və çatdırılma) bununla bağlı özünəməxsus sənədləri olmalıdırmı? Və yaxud satış zamanı adi qaydada qaimə-faktura və çek kifayətdirmi?
Milli.Az ICTnews-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə respublika ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları NKA vasitəsilə həyata keçirmələri müəyyənləşdirilib. Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilən vergiləri, habelə bu məcəllə ilə müəyyən edilən qaydada hesablanan faizləri, tətbiq edilmiş maliyyə sanksiyaları və digər məcburi ödənişləri ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları tətbiq edilmədən aparılan vergi ödəyiciləri isə nağd hesablaşmaları forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları olan mədaxil qəbzi və s. ilə rəsmiləşdirməklə aparmalıdırlar.
Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 71-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, Vergi Məcəlləsinə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə və qeyd olunan uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludur.
Göstərilənlərə əsasən, vergi ödəyicisi kimi onlayn ticarətlə məşğul olmaq istəyən vətəndaşlar öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatları başlanğıcı, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən müvafiq uçot aparılmalı, sahibkarlıq fəaliyyəti ilə bağlı əldə edilən gəlirlərini seçdiyi vergitutma sisteminin tələblərinə uyğun olaraq ümumi qaydada müvafiq vergiləri hesablamalı və bəyan edilməklə hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidir. Əks halda vergi ödəyicisinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları tətbiq edilir.
Mənbə: Milli.Az