Milli.Az Trend Q-ə istinadən xəbər verir ki, yarış bütün mənalarda xüsusi idi. Çünki Olimpiadadan sonra təbii nəsildəyişmə baş verdi və bu birincilik bizim səkkiz idmançımızdan yeddisi üçün ilk idi. Lakin buna baxmayaraq onlar bu yarışda digərlərinin kölgəsində qalmadılar. Marina Durunda lentlə olan tapşırıqlarda beşinci pilləni tutub və Lalə Yusifova ilə birgə çoxnövlülük üzrə yarışların finalına çıxıb. Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyanə Vasileva və Aliyə Paşayevadan ibarət Azərbaycanın qrup komandası üç topla və iki lentlə olan tapşırıqlarda altıncı nəticəni göstərərək çoxnövlülük üzrə yarışlarda yeddinci olublar.
Durunda və Yusifova yarışların başlanğıcından əvvəl mütəxəssislərdən müsbət rəy alaraq onları müvafiq nəticələrlə möhkəmləndiriblər. Başa düşmək lazımdır ki, bu yeniyetmə yaşından yenicə çıxan gimnastlarımız üçün ilk birincilikdir. İdmançılarımızın çoxnövlülük üzrə yarışlarda güclülər arasına çıxması faktı çox şeydən xəbər verir. Müqayisə üçün qeyd edək ki, ötən Dünya çempionatında Azərbaycanı yalnız Aliyə Qarayeva çoxnövlülük üzrə yarışların finalında təmsil edib ki, bu da ona Olimpiadada iştirak üçün vəsiqə qazandırıb. Olimpiadaya seçim indi keçirilsəydi, onda Durunda və Yusifova oyunlara vəsiqə qazanardılar. Çünki Kiyevdə yarışan əsas rəqiblərin böyük hissəsi Londondakı oyunlarda iştirak edərək ilk onluqda yer tutmuşdular.
Azərbaycanın qrup komandası çoxnövlülük üzrə yarışlarda özünü çox yaxşı göstərdi və onların tutduqları yeddinci yer bunu sübut edir. Turnir cədvəlində bizim millimiz Olimpiadada iştirak edən Ukrayna, Yaponiya, Almaniya və Yunanıstan kollektivlərini qabaqlayıb. Bununla da həm qrup millimiz, həm də fərdi idmançılarımız ötən il on üçüncü olduqları Dünya çempionatı ilə müqayisədə öz nəticələrini yaxşılaşdırıblar. Onlar üç top və iki lent üzrə tapşırıqlarda final mərhələsinə çıxıblar.
Dünya çempionatı bizim bütün gimnastlarımızın iştirak etdiyi qala-konsertlə yekunlaşıb. Azərkeşlər komandamızı yüksək hərarətlə dəstəklədirlər və demək olar ki, qeyri-rəsmi mükafat olan tamaşaçı rəğbətini Kiyevdə bizim millimiz qazandı.
Mənbə: Milli.az