Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin".
Mənbə: Milli.az