Qadin.NET / Əli Abbasov universitetinin ilk tələbələrinə notebook hədiyyə etdi

Əli Abbasov universitetinin ilk tələbələrinə notebook hədiyyə etdi

 

Əli Abbasov universitetinin ilk tələbələrinə notebook hədiyyə etdi

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 600-dən  yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş hər bir abituriyentə notebook hədiyyə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hədiyyələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla universitetin ilk tələbələri arasında keçirilən görüşdə təqdim edilib.

Qeyd edək ki, nazirliyin İTU tələbələri üçün hazırladığı hədiyyələr bununla məhdudlaşmır. Bu təhsil müəssisəsini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan bir sıra üstünlüklərə də malik olacaqlar.  Nəzərdə tutulan üstünlüklərə görə, onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanacaq, məzunlar nazirliyin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni zamanda İTU məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün nazirlik tərəfindən dəstək veriləcək. Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar  (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.), eyni zamanda aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana ilə təminat da nəzərdə tutulur.

Xatırladaq ki, İnformasiya Texnologiyaları Universiteti ölkə prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə  mütəxəssis hazırlığı həyata keçirəcək. Bu ixtisaslara “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” daxildir. Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək. Növbəti 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı  və ingilis dilinin tədrisi İTU üçün müvafiq binanın inşası başa çatdırılana qədər Azərbaycan Diplomatik Akademiyasında aparılacaq. Universitetin gələcəkdə dünyanın ən müasir və qabaqcıl təhsil müəssisələrindən birinə çevrilməsi də diqqət mərkəzində olacaq.

Mənbə: Lent.az

31 avqust 2013
GO BACK