Qadin.NET / Mən nə qədər qoca olsam da...

Mən nə qədər qoca olsam da...

 

İnsanda həyat eşqi çoxaldıqca bioloji yaşı azalır, azaldıqca isə artır

 

Hər bir insan həmişə cavan qalmaq istəyir, qocalıq haqqında heç fikirləşmək belə istəmir. Buna baxmayaraq qocalıq qaçılmazdır, sadəcə bəzilərində qocalmanın əlamətləri bir qədət tez, bəzilərində isə gec büruzə verir. Mütəxəssislər hesab edir ki, bu, bioloji yaşla əlaqədardır. Yəni insanların fizioloji yaşı ilə bioloji yaşı fərqlənə bilər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, əksər insanlar yaşlanmaqdan qorxar, xüsusilə də qadınlar 30 yaşına çatdıqda yaşlanacaqlarını düşünməyə başlayırlar. Əgər qadınlar bu yaşa qədər belə fikirlərlə özlərini yormurlarsa, bu yaşda artıq qorxular çoxalmağa başlayır. "Əslində isə yaşlanmaqdan qorxmağa dəyməz. Belə ki, insan yaşlandıqca təcrübə qazanır. Daha az səhv buraxır, daha çox şeyi anlayır. Lakin bunu anlamaqlarına baxmayaraq, insanlar yaşlanmaqdan qorxurlar. Bu qorxunun kökündə isə ömürlərinin bitməsini hiss etməkdir. Yaşlandıqca insanın xəstələnməsi, zəifləməsi, kiməsə möhtac qalması da insanı qorxudur", - deyən psixoloq əlavə edib ki, insan bioloji və fiziki olaraq qocalır. Onun sözlərinə görə, bu yaşlanma prosesləri fərqli ola bilər: "Belə ki, bəzi adamlar 30 yaşında belə özünü qoca kimi aparır, tez-tez xəstələnir və hərəkətsizliyə meylli olur. Bəzən isə 50-60 yaşında belə adam çox gümrah olur. Cavanın görə bilmədiyi işi cəld görür. Həyata da daha ümidlə və ruh yüksəkliyi ilə baxır. Bu cür insanlar bioloji yaşlanmaya nəzərən cavan qalırlar. Və əsl qocalıq və xəstəliklər insan bioloji cəhətdən yaşlananda baş verir".
İnsan öz fiziki yaşına təsir edə bilməsə də, bioloji yaşını idarə etmək iqtidarındadır. Belə ki, sağlam həyat və pozitiv düşüncə tərzi bioloji yaşlanmanı dayandıra və ya ləngidə bilər. Sağlam həyat tərzi dedikdə, idmanla məşğul olmaq, düzgün qidalanmaq, şirin və çox duzludan uzaq durmaq, meyvə-tərəvəz, göyərti və süd məhsullarına üstünlük vermək, spirtli və süni içkilərdən, pis vərdişlərdən imtina etmək, təmiz havada çox olmaq, həyatın gözəlliklərindən maksimum zövq almaq başa düşülür. Pozitiv düşüncəyə ilk növbədə "mən yaşlanıram" kimi fikirləri ləğv etmək, depressiyaya düşməmək, insanlar haqqında yaxşı şeylər fikirləşmək, gələcəyə nikbin baxmaq, meditasiya etmək, ruhun mənəvi zənginləşməsinə çalışmaq, neqativ fikirlərdən uzaqlaşmaq, yüksək əhavala nail olmaq aiddir. Qeyd edək ki, yoqa ilə məşğul olmaq da insanı fiziki cəhətdən cavan saxlayır və bioloji yaşlanmanı ləngidir.
Alimlər sübut ediblər ki, şəxsiyyət vəsiqəsində göstərilən yaşla insanın bioloji yaşı arasında fərq var. Ola bilsin ki, şəxs psixoloji olaraq göstərilən yaşdan daha yaşlı və ya cavan olsun. Hər şey insanın özünü necə hiss etməsindən, necə həyat tərzi sürməsindən asılıdır. Müasir tibbdə bioloji yaşı isə müxtəlif üsullarla öyrənirlər. Bunu həm analizlər, həm psixoloji testlər, həm də fiziki məşğələlərlə yoxlamaq olar. Hətta sadə məşğələlərlə də çox asanlıqla təxmini bioloji yaşınızı öyrənə bilərsiniz. Məsələn, bunun üçün nəbzinizi yoxlaya bilərsiz. Öyrəndiyiniz rəqəmi qeyd edib 30 dəfə tez-tez oturub durun. Sonra yenə də nəbzinizi yoxlayın. Əgər nəbziniz 0-10-a qədər qalxıbsa, 20 yaş, 10-20-yə qədər qalxıbsa, 30 yaş, 30-40-a qədər qalxıbsa, 50 yaş, 40-60-a qədər qalxıbsa, 60 və daha çox yaşınız var. Bioloji yaşınızı öyrənmək üçün baş barmaqla şəhadət barmağınızı möhkəm sıxıb biləyinizin iç tərəfini 5 saniyəlik çimdikləyin (çimdikləyəndə həmin nahiyə ağaracaq). Daha dəqiq nəticə üçün vaxtı saniyə ölçənlə yoxlayın. 5 saniyə keçən kimi əlinizi buraxıb dərinizin ağarmış hissəsinin neçə saniyə ərzində əvvəlki vəziyyətini almasını ölçün. Əgər 5 saniyə ərzində dəri öz rəngini aldısa, 30 yaş, 20 saniyə ərzində dəri öz rəngini aldısa 50 yaş, 15 saniyə ərzində dəri öz rəngini aldısa 60 yaşındasız.
Bioloji yaşı fiziki məşğələ ilə öyrənmək olar. Bunun üçün düz dayanın, dizlərinizi bir qədər büküb qabağa əyilin. Bu vəziyyətdə əllərinizin iç tərəfini yerə qoymağa çalışın. Əgər bunu etdikdə əllərinizi tam yerə qoya bildinizsə, 20-30 yaşınız, barmaqlarınızla yerə toxuna bildinizsə, 40 yaşınız, yalnız ayaqlarınızın aşağısına toxuna bildinizsə, 50 yaşınız, dizə qədər toxundunuzsa, artıq 60 yaşınız var.
Terapevt Solmaz Rüstəmova hesab edir ki, dərman qəbul edərkən ehtiyatlı olmaq lazımdır. Çox və həkimin təyinatı olmadan dərman qəbulu da orqanizmin yaşlanmasına və müxtəlif xoşagəlməz fasadların yaranmasına gətirib çıxarır. Düzgün qidalanmaq və ümumiyyətlə düzgün həyat tərzi sürməksə cavanlığın açarıdır. Bundan başqa, yaşıl çay içmək də orqanizmi cavanlaşdırır. Onun dediyinə görə, düzgün həyat tərzi ilə fikirlərində də insanın düzgünlük və xeyirxahlıq olmalıdır.
A.Qurbanova əlavə edib ki, bacardıqca çox gülmək lazımdır: "Belə ki, gülüş qanda stress hormonlarını azaldır. Sevmək də insana müsbət təsir edir, sevinc hormonlarını yaradır və yaşlanmanı ləngidir. Həyatı sevmək, hər şeyin yaxşı olacağına inanmaq da çox effektivdir. Belə ki, insanda həyat eşqi çoxaldıqca bioloji yaşı azalır, azaldıqca isə çoxalır".

Mənbə: Milli.Az

30 avqust 2013
GO BACK