Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, ümumilikdə sentyabrın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək. Sentyabrın 1-i axşam və 2-də Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək, sentyabrın 2-də temperatur aşağı enəcək və hava sərin keçəcək. Bu iki gündə Bakı və Abşeron yarımadasında maksimal temperatur 27-29 dərəcə isti olacaq.
Bu müddətdə rayonlarda Böyük və Kiçik Qafqaz ərazilərində, dağətəyi rayonlarda yağış olacaq.
Azərbaycan ərazisində ikinci soyuq dalğası sentyabrın birinci ongünlüyünün ikinci yarısında olacaq. Bu müddətdə hava daha da soyuyacaq və kəskin keçəcək.
Qeyd edək ki, avqustun 31-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 31-də hava əsasən, yağmursuz olacaq. Lakin 31-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.az