Qadin.NET / Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır

Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır

"Elektron hökumət" portalına inteqrasiya edilən xidmətlərin sayı, eyni zamanda xidmətlərin keyfiyyətcə yeni mərhələyə keçidi ilə bağlı vətəndaş və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların məlumatlanma səviyyəsi yüksəldikcə, bu xidmətlərə maraq və onların verdiyi üstünlüklərdən yararlanmaq istəyi portala olan müraciətləri də dinamik şəkildə artırmaqdadır.
Trend-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, elektron xidmətlərdən istifadədə bərabərlik prinsipini əsas götürən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) portala müraciət edənlər arasında sağlamlıq imkanları məhdud, fiziki qüsurlu insanların çoxluğunu da nəzərə alaraq, sosial yönümlü yeni aksiyaya başlayıb.
Aksiya hələlik Bakı şəhərini əhatə edəcək.
Belə ki, əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi məqsədi ilə elektron xidmətlərdən istifadə edə bilmələri, portal üzərindən aidiyyəti hökumət orqanları ilə onlayn əlaqə yarada bilmələri üçün onlara zəruri şəraitin yaradılması və minimum biliklərin verilməsi cəmiyyətimizin xüsusi diqqət mərkəzində olmalı və bu şəxslər daim qayğı ilə əhatə edilməlidirlər.
Məlum olduğu kimi, "Elektron hökumət" portalından istifadə zamanı təqdim edilən daxilolma vasitələrinin (sadələşdirilmiş kod parol, elektron imza və s.) əldə edilməsi üçün vətəndaşın sosial sığorta kartı, sürücülük vəsiqəsi və ya ümumvətəndaşlıq pasportunun olması şərtdir və ya vətəndaş müvafiq qeydiyyat məntəqələrinə gedərək fiziki surətdə identifikasiya olunmalıdır. Lakin əksər hallarda əlil vətəndaşlarımızın heç də hamısı bu sənədlərə malik deyillər və qeydiyyat məntəqələrinə getmək onlar üçün əlçatan deyil.
Beləliklə, "Elektron hökumət" portalının verdiyi imkanlardan bərabər hüquqla yararlanma imkanlarının yaradılması üçün MHM tərəfindən xüsusi qeydiyyat bölməsi yaradılır. Evində kompüteri və ya mobil planşeti, eyni zamanda internetə çıxışı olan, kompüterlə işləmə bacarıqlarına malik və ya yardımçısı olan əlil vətəndaşlarımız şəxsiyyət vəsiqəsində yer alan məlumatları səhih olaraq müraciət formasında doldurmalıdırlar.
Bundan sonra "Elektron hökumət" portalı vətəndaşın həqiqətən əlil olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından dəqiqləşdirəcək. Dəqiqləşmədən sonra vətəndaşlarımızla əlaqə saxlayan "Elektron hökumət" portalının əməkdaşları uyğun vaxt ərzində evlərə gedərək, vətəndaşları identifikasiya etməklə, onlara portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol və ya mobil İD təqdim edəcəklər.
Eyni zamanda həmin şəxslərə portaldan istifadə qaydaları barədə yerindəcə zəruri biliklər veriləcək.
"Elektron hökumət" portalı hamımızın portalıdır!
Mənbə: Milli.Az

29 avqust 2013
GO BACK