Qadin.NET / Arı sancmalarının insana hansı təsirləri var?

Arı sancmalarının insana hansı təsirləri var?

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlara, demək olar ki, hər gün arı sancması ilə bağlı 1-2 müraciət olur. Digər rayonlarda, o cümlədən Yevlax, Mingəçevir, Bərdə və Tərtərdə də bu cür hallara tez-tez rast gəlinir.
Həkimlər deyirlər ki, insan orqanizmində arı zəhərinə qarşı həssaslıq var. Bu isə insan həyatı üçün təhlükəlidir. Ən təhlükəlisi arının insanı dilindən sancmasıdır. Elə xəstələr olur ki, arı sancmasından sonra şok vəziyyətinə düşür və təzyiq, ürək fəaliyyəti pozulur. Bunlara təcili tibbi yardım göstərilməsə, hətta həyatını itirə bilərlər. Bal arılarının əlverişli uçuş diametri 3 kilometrdir. Buna görə də, arıçılıq haqqında qaydalara əsasən, arı pətəklərinin əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların sıx yaşadığı və toplaşdığı ərazilərdən 1-3 kilometr, qənnadı məmulatları və kimya müəssisələrindən 5 kilometr, səhiyyə, təhsil və mədəniyyət müəssisələrindən 1 kilometr 500 metr, heyvandarlıq və quşçuluq sənayesi müəssisələrindən 1 kilometr aralı məsafədə yerləşməsi nəzərdə tutulur. Lakin əksər hallarda bu qaydalara əməl olunmur.
Arıçıların sözlərinə görə, arının yaşayış məntəqələrində saxlanılması təbii bir prosesdir. Lakin onu dağ yerlərində, meşələrdə, yaxşı yaşıllıq olan yol kənarlarında da saxlamaq mümkündür. Təhlükəsizlik qaydalarına əsasən, arıçılar ilkin tibbi yardım üçün isə çox vaxt ibtidai üsullardan istifadə edirlər. Onların sözlərinə görə, arı sancmasının üzərinə qatıq və ayran vurmanın xeyri yoxdur.
Qeyd edək ki, ürəyində və qaraciyərində problem olan insanların arı sancmalarından qorunması xüsusilə vacibdir.
 Mənbə: Milli.Az

 

29 avqust 2013
GO BACK