"Qırğızıstanda yayılan taun xəstəliyinin Azərbaycanda yayılma təhlükəsi yoxdur"Bunu APA-ya açıqlamasında Taun Əleyhinə Stansiyanın direktor müaviniŞair Qurbanov deyib.
O bildirib ki, Qırğızıstanda yayılan taun xəstəliyi o qədər də qorxulu deyil:
“Çünki bu xəstəliyin müxtəlif kilinik formaları var. Orada yayılan bubon formasıdır. Xəstəliyin həmin forması vaxtında və düzgün müalicə olunarsa, xəstə sağalar və ətrafdakılar üçün təhlükə mənbəyi olmaz. Amma düzgün müalicə olunmasa, onda xəstəlik ağırlaşır, ağ ciyərin iltihabı formasına keçir. O zaman da xəstəlik asqırma, öskürmə vasitəsilə ətrafdakı insanlara keçə bilər. Həmin halda xəstəliyin təhlükəsi artar. Çünki xəstəlik o cür yayılanda insanlar tez bir zamanda yoluxarlar və ölüm təhlükəsi 42 faiz ola bilər”.
Ş.Qurbanov qeyd edib ki, Qazaxıstan və Tacikistanda olduğu kimi, burada da qabaqlayıcı tədbirlər görülməsinə, karantin elan olunmasına o qədər də ehtiyac yoxdur: “Biz belə qabaqlayıcı tədbirlərin görülməsini lüzumsuz hesab edirik. Əgər şübhəli bir xəstə olsa, biz qısa müddətdə ona diaqnoz qoya bilərik və müalicəsini həyata keçirərik”.
Qeyd edək ki, bu yaxınlarda Qırğızıstanın İsıkgöl vilayətində taun xəstəliyinin daşıyıcı olan gəmiricilərin sayının artması nəticəsində bir nəfərdə bu xəstəlik artıq aşkar edilib və həmin şəxs xəstəlikdən vəfat edib. Ölkənin müvafiq orqanları avqustun sonlarına kimi həmin ərazilərdə karantin elan ediblər, əhali arasında yoxlamalar keçirilir. Lakin bu günə kimi bu xəstəliyə yeni yoluxma halı aşkar edilməyib. Bir neçə ölkə Qırğızıstana səfər edən vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Qonşu Tacikistanın Səhiyyə Nazirliyi isə öz vətəndaşlarına həmin vilayətə səfər etməməyi tövsiyə edib.
Mənbə: Milli.Az