Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, avqustun 24-25-də Qəbələdə Azərbaycan mədəniyyətinin və milli kulinariyasının təbliği məqsədilə ilk dəfə olaraq birinci Qəbələ mürəbbə festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, həmin şəhər və rayonların bədii kollektivləri iştirak edirlər.
Qaydalara əsasən, hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər. Festivalla bağlı 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Komitənin təkliflərinə əsasən, 11 nəfərdən ibarət münsiflər heyətinin üzvləri qiymətləndirmədə iştirak edir. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxildir. Mədəniyyət və Turizm Nazirliyinin, Hindistan, Pakistan, Misir səfirliyi, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 12 rayondan gətirilən müxtəlif meyvələrdən hazırlanan mürəbbələrə, sənətkarlıq nümunələrinə və əl işlərindən ibarət sərgiyə baxıblar.
Sakinləri bayram münasibətilə təbrik edənlər Qəbələ şəhərinin ötən müddətdə özünəməxsusluğunu qoruyub saxladığını, hər il müxtəlif festivalların keçirildiyini diqqətə çatdırıblar. İlk dəfə olaraq mürəbbə festivalına start verildiyini və bu bayramın beynəlxalq status alacağına əminliklərini bildiriblər. Meydanda qırmızı lent kəsildikdən sonra bayram şənliklərinə start verilib.
Nümayəndələr hər bir rayonun mürəbbə, şirniyyat və sənətkarlıq nümunələrini əks etdirən köşkləri gəzib, samovar çayı ilə mürəbbələrin dadına baxıblar. Festival həm də el adət-ənənələrini nümayiş etdirmək üçün əla bir fürsət olub. Meydanda öz məharətlərini göstərən kəndirbazlar bura toplaşanlarda xüsusi təəssürat yaradıb. Kəndirin üstündə göstərilən akrobatik hərəkətlər tamaşaçıların marağına səbəb olub. Eyni zamanda rayonlarda fəaliyyət göstərən folklor ansamblları müxtəlif musiqilər ifa ediblər. Bir-birindən maraqlı mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.
Mənbə: Milli.Az