Siyəzəndə baş vermiş qida zəhərlənməsi ilə əlaqədar 78 nəfər xəstəxanalara yerləşdirilibTrend Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 22-də saat saat 13:00-dan etibarən Siyəzən Rayon Müalicə Diaqnostika Mərkəzinə və Şabran Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 78 nəfər ürəkbulanma, qusma və yüksək hərarət şikayətləri ilə daxil olub. Bunlardan 62 nəfəri (18-i azyaşlı uşaq olmaqla) Siyəzən Rayon Müalicə Diaqnostika Mərkəzinə, digər 16 nəfəri isə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qida zəhərlənməzi diaqnozu qoyulmuş vətəndaşlara ilkin tibbi yardım göstərilib və dərhal hadisə barəsində Səhiyyə Nazirliyinin 113 xidmətinə məlumat verilib. Bununla əlaqədar Bakıdan Siyəzən xəstəxanasına sanaviasiya ilə mütəxəssislər ezam olunublar.
Siyəzəndə müraciət edənlərin hər birinə ilkin tibbi yardım göstərilib və onlar evlərinə buraxılıblar.
Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 16 nəfərdən nisbətən vəziyyətləri ağır olan 8 xəstə stasionar, digərlərinə ambulator yardım göstərilərək evlərinə buraxılıb.
Zərərçəkənlərin hamısı Şabran rayonunun Ağbaş kəndinin sakinləridir və onlar dünən Siyəzəndə yerləşən "Çıraqqala" şadlıq sarayında toy məclisində olublar.
Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən adıgedən restorandan nümunələr götürülərək Bakıya Səhiyyə Nazirliyinin Qiqiyena Epidemiologiya Mərkəzinə göndərilib.
Mənbə: Milli.Az