Qadin.NET / Yol polisi: "Bakının mərkəzi yollarında maşın sürmək ləzzət verir"

Yol polisi: "Bakının mərkəzi yollarında maşın sürmək ləzzət verir"

Yol polisi: "Bakının mərkəzi yollarında maşın sürmək ləzzət verir"

Son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil dayanacağı yaradılaraq avtomobil sahiblərinin istifadəsinə verilib. Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi yeraltı dayanacaqların yerləşdiyi ərazilərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinə qarşı tədbirlər görür.
Tələbləri pozan sürücülərin avtomobillərinin dayandığı formada şəkilləri çəkilir və avtomobillərin qabaq şüşələrinə müvafiq cərimə protokolu, fotoşəkil qoyulur. Bundan başqa, qayda pozan avtomobillər evakuator vasitəsilə təxliyyə olunur.
Artıq tədbirlər öz nəticəsini verir. Paytaxtın Azərbaycan, Azadlıq, Bülbül, Zərifə Əliyeva, Neftçilər prospektləri, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xaqani, Səməd Vurğun, Rəşid Behbudov küçələrində yolun hərəkət hissəsində parklanan avtomobillərə rast gəlinmir.
Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, paytaxt ərazisində, xüsusilə də, tikilib istifadəyə verilmiş dayanacaqlara yaxın yerlərdə gündəlik nəzarət gücləndirilib.
Bölmə rəisinin sözlərinə görə, yeni tikilmiş avtomobil dayanacaqlarının yaxınlığında dayanma, durma və parkanmanı qadağan edən yol nişanları qoyulub. Bu nişanların təsir zonasında dayanmış avtomobilin sürücüləri məsuliyyətə cəlb edilirlər.
V.Əsədov qeyd etdi ki, hər gün polis əməkdaşları dislokasiya üzrə təhkim olunduqları ərazilərdə protokol yazırlar. Gün ərzində Azərbaycan, Azadlıq, Bülbül, Zərifə Əliyeva, Neftçilər prospektləri, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xaqani, Səməd Vurğun, Rəşid Behbudov küçələrində hər gün 30-35 sürücü cərimələnir. Getdikcə belə cərimələnmələrin sayı aşağı düşür. Paralel olaraq təbliğat aparıldığından sürücülər şüurlu olaraq avtomobillərini dayanacaqda saxlayırlar.
“Beşmərtəbə ərazisində hüquqi və fiziki şəxslərə aid olan şirkətlərin sahibləri də avtomobillərini könüllü olaraq duracaqlarda saxlayırlar. Artıq qeyd olunan mərkəzi küçələr tərtəmizdir. Artıq həmin küçə və prospektlərdə maşın sürmək adama ləzzət edir”, - deyə V.Əsədov əlavə etdi
Mənbə: Milli.Az 

22 avqust 2013
GO BACK