Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sentyabrdan ölkənin təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə verilən və ya satılan qıdaların vahid tələblərini müəyyən edən dövlət standartının tətbiqinə başlayacaq. Məqsəd təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə nəzarət, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin etməkdir.
Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Bu fikirlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsində təşkil edilmiş dəyirmi masada səsləndirilib. Komitə əməkdaşları qəbul olunan AZS 747-2013 standartının əsas məqsədi haqqında təhsil işçilərinə məlumat veriblər. Bildirilib ki, 2 sentyabr 2013-cü il tarixindən başlayaraq adıçəkilən təhsil müəssisələrində bu standartın tətbiqinə başlanılacaq.
SMPDK-nın Gəncə Ərazi İdarəsinin baş məsləhətçisi Fuad Nağıyev: “Təhsil müəssisələrinin bir çoxlarının bufetlərində və qidalanma sahələrində ciddi çatışmazlıqlar mövcuddur. Bu barədə seminarda bir çox məsləhətləşmələr həyata keçirildi və biz bu tədbirlərimizi yaxın gələcəkdə təhsil müəssisələrində tətbiqinə başlayacağıq, bu sahədə maarifləndirmə işini davam etdirəcəyik”.
Xatırladaq ki, yeni qəbul olunan standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadəsi tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunub. Seminar iştirakçılarına məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı da təqdim olunub.
Mənbə: Milli.az