İcbarı Sığorta Bürosu "Yaşıl kart" nəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyyəti sığortası beynəlxalq sisteminə qoşulmaq istəyənlər üçün əsas tələbləri müəyyənləşdirib. Bu barədə bürodan Trend-ə daxil olan məlumatda bildirilir.
Bürodan bildirilib ki, hələlik bu tələblər üçün hüquqi-normativ baza formalaşdırılmayıb, lakin artıq məlumdur ki, sistemə qoşulmaq istəyən sığorta şirkəti büronun iştirakçısı olmalı və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə məşğul olmaq hüququna malik olmalıdır.
Büronun məlumatında bildirilir: "Bundan əlavə büronun sistem üzrə öhdəlikləri üçün bu sistemə qoşulan digər sığorta şirkətləri ilə birgə məsuliyyət daşımalı, büronun sistemə üzvlüyü ilə əlaqədar ortalığa çıxan xərclərin maliyyələşdirilməsi və zəruri təminatların və ehtiyatların formalaşdırılmasında iştirak etməlidir".
Daha əvvəl bürodan bildirilib ki, Azərbaycan iki il ərzində - 2014-2015-ci illərdə "Yaşıl kart"a qoşula biləcək.
Mənbə: Trend.Az