“Zövqlər fərqli ola bilər ”- bu, son illər ən çox işlədilən fikirlərdən biridir. Bu fikir ən çox da musiqidən söhbət düşəndə deyilir. Yəqin bu da bizim musiqisevər, şair xalq olmağımızdan irəli gəlir.
Bir də görürsən, taksidə harasa gedəndə sürücü Namiq Qaraçuxurlunu, Səməd Səmədovu, Üzeyir Mehdizadəni dinləyir. Peşmansan deyəsən ki, qardaş, bu Namiqə və ya Səmədə niyə qulaq asırsan? O dəqiqə cavab əvəzinə “Zövqlər fərqli ola bilər ” fikri şappıltı ilə gəlir. Əslində, hər yerdə bu mənzərə ilə rastlaşmaq olar. Ələlxüsus da qiyməti 90-100 min dollar olan avtomobillərdə daha çox belə bayağı ifaçıların, bayağı ifaları səslənir.
Doğurdanmı Bülbülə, Rəşid Behbudova, Müslüm Maqomayevə, Akif İslamzadəyə, Flora Kərimovaya, Şövkət Ələkbərovaya dinləyənlərlə Namiq Qaraçuxurluya, Manaf Ağayevə, Üzeyir Mehdizadəyə, Səməd Səmədova, Rəqsanəyə qulaq asanları zövq ayırır?
Məncə, yox! Çünki bu artıq zövq məsələsi deyil. Axı zövqü ailə tərbiyəsi, yaşadığın cəmiyyət, aldığın təhsil və qazandığın dünya görüşü formalaşdırır.
Zövq məsələsi adamın Akif İslamzadəni, yoxsa Flora Kərimovanı dinləməsi zamanı meydana çıxa bilər. Və yaxud, biri Alim Qasımova, Mənsum İbrahimova qulaq asır, digəri Aygün Bayramovaya, Mələkxanım Əyyubovaya. Bax bu zövq məsələsidir.
Amma Alim Qasımova, Mənsum İbrahimova, Flora Kərimovaya, Akif İslamzadəyə yox, meyxanaçı Ağamirzəyə, nəçi olduqları da bilinməyən Namiqə, Üzeyir Mehdizadəyə, Manaf Ağayevə, Səmədə, Rəqsanəyə, lap elə Baloğlan Əşrəfova - əslində bu tipli oxuyanlar lap çoxdur, sadəcə siyahını uzadıb vaxt almaq istəmirəm - qulaq asmaq səviyyə məsələsidir.
Səviyyə isə tamam başqa məsələdir...
P.S. Amma arada zövqünə şübhə etmədiyim az saylı dostlarımı, tanışlarımı anlamaq üçün bayağı müğənnilərin bayağı ifalarına qulaq asıram.
Mənbə: Lent.Az