“Azəri Gənclər Alyansı” “Xaricdə təhsil alan gənclərin seçkilərdə fəallığının artırılması” mövzusunda üçüncü tədbirini İrəli Gənclər Mərkəzində təşkil etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən dəyirmi masaya millət vəkili Ceyhun Osmanlı, AR-nın Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyov , ekspertlər, hazırda xaricdə təhsil alan və məzun olmuş onlarla fəal gənc qatılıb.
Alyansın sədri Leyla Məmmədli qonaqları və iştirakçıları salamlayaraq, seçkilərdə gənclərin fəallığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizi seçkilərdə fəal iştirak etməyə və vətəndaş borcunu yerinə yetirməyə səsləyib.
Millət vəkili Ceyhun Osmanlı çıxış edərək bildirib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətinin inkişafında xüsusi rol oynayır. O, seçki prosesində gənclərin fəallığının, şəbəkələşmənin xüsusi rol oynadığını qeyd edərək, tədbirdə iştirak edən gənclərin müxtəlif suallarını cavablandırıb. Millət vəkili öz seçki kampaniyasından söz açaraq vurğulayıb ki, gənclərin fəal iştirakı olmadan uğurlu seçki prosesi aparmaq mümkün deyil.
Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyov qeyd edib ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir. Onlar seçki prosesində fəal olmaqla digərlərinə nümunə göstərməlidirlər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparan gənclər seçkilərdə hazırda xaricdə təhsil alan və xaricdə təhsilini bitirərək, vətənə dönən tələbələrin fəallaşdırılması və onların apardığı təbliğat nəticəsində gənclərin seçkilərə fəal qoşulmasını təmin edilməsinin əhəmiyyətindən söz açaraq bu sahədə növbəti addımların müəyyən edilməsi üçün təkliflər veriblər.
Alyansın rəhbəri Leyla Məmmədli çoxsaylı təklifləri dəstəkləyərək bildirib ki, xaricdə təhsil alan və məzun olmuş gənclərin potensial qüvvəsindən ölkəmizin tərəqqisi naminə daha çox istifadə olunması üçün təşkilatımız qarşıdan gələn seçkilərdə gənclərin fəallılığını artırmaq naminə bir sıra mühüm işlər görmək niyyətindədir: “Bu gənclərin həm vətəndə, həm də onun hüdudlarından kənarında olan böyük imici və potensialından vətənimizin daha da güclənməsinə sərf etməyi nəzərdə tutmuşuq. Bu gənclər həm fəal təbliğatçı, həm də təşviqatçı rolunda iştirak edəcəklər. Onlar həm özləri fəal seçici olmaqla bərabər, həm də seçkilərdə passiv iştirak edən gənclərin fəallaşmasında fəaliyyət göstərəcəklər. Azərbaycanda 2013-cü ilin prezident seçkilərinin sözün əsl mənasında “gənclərin seçkisi” olması potensialı böyükdür. 19-30 yaş arasında seçicilərin təxminən 30% gənclərin təşkil etməsi buna sübutdur. Bu səbəbdən xaricdə təhsil almış gənc seçicilər fəal iştirak etməli və vətəndaş borclarını yerinə yetirməlidirlər"
Mənbə: Lent.az