Hazırda Dədə Qorqud prospektində gedən sayğaclaşma prosesi bütün şəhəri əhatə edənə qədər davam edəcək.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, avqustun 1-dən başlayaraq şəhərin Dədə Qorqud prospektində su xətləri yenilənir, həm ümumi xətlərdə, həm də bina daxili mənzillərə qədər olan köhnə borular yeni politelin borularla əvəzlənir. Su sistemi yeniləndikdən sonra isə mənzillərə su sayğacları quraşdırılır. Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə 24 saat su təminatı və ödəniş səviyyəsini 100 faizə çatdırmaq mümkün olacaq. Onu da bildirək ki, Göygöl və Şəmkirdən şəhərə çəkilən yeni su xətləri sayəsində artıq evlərə içməli su da veriləcək.
Sahə rəisi Rafiq Yusubov: “Gəncə şəhərində əhalinin içməli suyla təminatı və ödəmənin səmərəli təşkili üçün smart tipli su sayğacları quraşdırılır. Hazırda 1293 mənzilə su sayğacı quraşdırılıb və bu proses davam etdirilir”.
İş başlayandan bu günə qədər 17 bina tamamilə sayğaclaşdırılıb, 9 binada isə iş gedir. Quraşdırılan yeni sayğacların köhnə mexaniki sayğaclardan əsas fərqi onlara müdaxilənin qeyri-mümkünlüyüdür ki, əks halda suyun verilişi avtomatik olaraq dayanır.
“Onu da qeyd edək ki, bu su sayğacları müasir tələblərə cavab verir və Türkiyənin 2013-cü il istehsalı olan öncədən ödəmə sistemli elektromed su sayğaclarıdır. Bununla şəhər sakinləri içməli su istifadəsi zamanı heç bir çətinliklə üzləşməyəcək və fasiləsiz su ilə təmin olunacaqlar”.
Dövlət səviyyəsində həyata keçirilən sayğaclaşma layihəsində məqsəd istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkisinin qarşısının alınmasıdır.
Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi Hikmət Əmiraslanov: “Alüminiumçular qəsəbəsində layihənin ilk mərhələsi həyata keçirilir, daxili xətlər dəyişdirilir, smart tipli sayğaclar quraşdırılır. Fürsətdən istifadə edib əhalinin nəzərinə çatdırırıq ki, ödənişləri davamlı etsinlər, çünki smart tipli sayğaclar quraşdırıldıqdan sonra ödəniş etməyən abonentlərdə çətinlik yaranacaq”.
Sayğaclaşdırma ilkin olaraq əhali qrupu üzrə su sərfiyyatı böyük olan ərazilərdə, daha sonra isə həyət evlərində və ticarət obyektlərində aparılacaq.
Onu da bildirək ki, Dədə Qorqud prospektində sayğaclaşma işi yekunlaşdıqdan sonra Heydər Əliyev və Atatürk prospektlərində davam edəcək
Mənbə: Milli.Az