Türkiyəli arxeoloqlar "İbrahimin şəhəri"ni tapdıqlarını deyirlər.
Milli.Az xəbər verir ki, Türkiyənin cənubundakı Kilis şəhəri yaxınlığında arxeoloqlar tunc dövrünə məxsus itmiş şəhər aşkar ediblər. Ekspedisiyanın rəhbəri, professor Atilla Enginin sözlərinə görə, İbrahim peyğəmbərin bu şəhərdə yaşadığı ehtimal edilir.
"Dəmir dövründə yazılmış papirusa əsasən, bu şəhər İbrahim peyğəmbərin yaşadığı şəhərdir. Bu kəşf həm region üçün, həm də ölkənin turizmi üçün böyük töhfədir", - o əlavə edib.
Ancaq Engin hansı tarixi sənədə istinad etdiyini deməyib.
Engin şəhərdə 134 ədəd gümüş sikkə də tapıldığını deyib. Alimin sözlərinə görə, bu pullar Böyük İskəndərin xəzinəsindəndir.
Ərazidən mixi yazılar və Het şahlarının möhürləri də tapılıb.
Alimlər ehtimal edirlər ki, bu qədim Ullis şəhəridir. Ancaq artefaktlar hələ kifayət qədər olmadığından təsdiqləməyə çətinlik çəkirlər.
Mənbə: Milli.az