Avropa Azərbaycan Cəmiyyətinin (AAC) "Azərbaycan obyektivdə" adlı fotomüsabiqəsindən seçilmiş əsərlərin nümayiş olunduğu "Azərbaycan obyektivdə" sərgisinin London, Paris, Berlin və Avropa Parlamentindəki uğurlu təqdimatının ardınca bu sərgi Brüsseldə nümayiş etidirilib.
Trend-in məlumatına görə, bu barədə Avropa Azərbaycan Cəmiyyətinin saytında bildirilir.
Məlumatda deyilir ki, sərgidə nümayiş olunan şəkillər Azərbaycanın həyatını, mədəniyyətini, təbiət və tarixini müxtəlif aspektlərdən canlandıraraq Azərbaycanı yüksək səviyyədə təqdim və təmsil edir.
Sərgidə Belçika Federal Parlamentinin və Belçika Senatının üzvləri də iştirak edib.
Belçikalı senator Dominique Tilmans açılış nitqində bildirib ki, Azərbaycan gözəlliyi bu fotosərgisi vasitəsilə çox gözəl nümayiş olunub. O, Avropa Azərbaycan Cəmiyyətinə belə gözəl bir sərginin təşkili üçün öz minnətdarlığını bildirib.
Avropa Azərbaycan Cəmiyyətinin Brüssel Ofisinin rəhbəri Roman Huna isə bildirib ki, Azərbaycan Belçika və Avropa Birliyinin daha çox diqqətinə layiqdir:
"Mən əminəm ki, Azərbaycan və Belçika qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni mübadilə də daxil olmaqla hərtərəfli əlaqələrə sərmayə yatırsa, o zaman hər iki ölkə üçün daha səmərəli mühit yaranacaq".
Mənbə:Trend.az