Qadin.NET / Günəş və külək enerjisindən istifadə olunması məqsədilə tədqiqatlara başlanıb

Günəş və külək enerjisindən istifadə olunması məqsədilə tədqiqatlara başlanıb

Günəş və külək enerjisindən istifadə olunması məqsədilə tədqiqatlara başlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu ölkədə günəş və külək enerjisindən geniş istifadə olunması məqsədi ilə tədqiqatlara başlayıb.  

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, azərbaycanlı alimlər günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır. Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış “Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.

Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib. 

Bundan əlavə, günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır. 

Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək.

 

Mənbə: Lent.az

16 avqust 2013
GO BACK