Goranboy rayonunun Həmənli kəndinin Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən Azərbaycanın dahi şairi Nizami Gəncəviyə hədiyyə edilmiş Həmidünya kəndinin olduğu arxeoloji qazıntılar və yazılı dəlillər əsasında sübuta yetirilib.
Bu barədə Trend -ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib.
O bildirib ki, onlar vaxtilə Atabəylər dövlətinin hökmdarı olmuş Məhəmməd Cahan Pəhləvan tərəfindən Nizami Gəncəviyə edilmiş, ancaq sonradan o, öldüyü üçün qardaşı Qızıl Arslan tərəfindən hədiyyəsi çatdırılan Goranboy rayonunun Həmənli kəndində arxeoloji tədqiqat işləri aparıblar.
Həmin ərazidə Nizami dövrünə aid xeyli sayda maddi-mədəniyyət qalıqlar, məmulatlar, metal əşyalar, numizmatik materiallar, ictimai binaların qalıqları aşkarlanıb. İctimai bina qalıqları, əsasən, çiy kərpicdən hörülüb.
A.Məmmədov deyib ki, Nizami Gəncəviyə Həmidünya kəndinin verilməsi haqqında məlumatlar onun öz əsərlərində də bildirib. N.Gəncəvi əsərlərində Həmidünya kəndinin ona hədiyyə edildiyini yazıb: "Kənd Nizamiyə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə bu kəndə 5 km uzunluğunda saxsı borularla su xətti çəkilir. Biz həmin su kəməri xəttinin yerini müəyyənləşdirdik. Onun ətrafı Nizami dövrünə aid olan kərpiclərlə hörülüb. Həmidulla Qəzvini deyirdi ki, Nizami Gəncəviyə verilən Həmidünya kəndində bir bulaq var. Həmin bulaq əhali arasında "Şirin bulaq" adlanır. Biz həmin bulağı aşkarladıq və onun yerini müəyyənləşdirdik. O bulaqdan təxminən 150 metr məsafədə - cəmi 7 qəbirdən ibarət olan qəbirstanlıq olub. Biz həmin qəbirlərin də yerini müəyyənləşdirə bildik. Apardığımız bütün tədqiqatların yekunları Həmənli kəndinin vaxtilə Nizami Gəncəviyə verilmiş Həmidünya kəndi olduğu təsdiqləndi".
Mənbə:Milli.az