Baş Prokurorluq 100 ştat vahidi üzrə işə qəbul müsabiqəsi elan edib. prokurorluğun mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
- Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
- Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
- Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);
- 3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil;
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
- Əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
- Qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma в„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;
- Qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.
Sənədlər Baş Prokurorluğun Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 02 sentyabr 2013-cü il tarixdən 31 oktyabr 2013-cü il tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcək. Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlər ali hüquq təhsilinə və seçkilərdə iştirak etmək hüququna malik olmalı, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Mənbə: Lent.az