Muzdla işləyənlərin orta aylıq əmək haqqı bu ilin altı ayında 6.8 faiz artaraq 410.8 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən Lent. az-a verilən məlumata görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 638.7 manat, tikinti kompleksində 605 manat, nəqliyyatda 523.3 manat, rabitədə isə 665.9 manat təşkil edib.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 10.7 milyard manata, pullu xidmətlərin həcmi isə 6.8 faiz çoxalaraq 3.3 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 52.1 faizini ərzaq məhsulları, 47.9 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 0.2 faiz və 21.8 faiz artıb.
Mənbə: Lent.az