Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent elmi adı almışdir. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir.
Təhsil nazirinin digər əmrinə əsasən, Rəcəb Səttarov Təhsil Nazirliyinin təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Rəcəb Səttarov Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1979-1981-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində çalışmışdır. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında oxumuşdur. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda BDU-nun fəlsəfə kafedrasının dosentidir.
Uzun illər ali təhsil sahəsində çalışmış, yüksək səviyyəli mütəxəssis kimi tanınan hər iki şəxs Təhsil Nazirliyinin ali təhsil sahəsində həyata keçirdiyi islahatların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər.
Mənbə: Mili.Az