Dövlət Statistika Komitəsi 2013-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Komitədən Lent.az-a verilən məlumata görə, ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,2 faiz aşağı düşüb.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3 faiz ucuzlaşıb. Xam neft və təbii qaz hasilatı üzrə isə 4,8 faiz bahalaşıb.
Ölkəmizdə geyim istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, həmçinin, avtomobil istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Mənbə: Lent.az