Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan apellyasiya komissiyalarının işi yekunlaşıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, apellyasiya zamanı müraciətlər, əsasən, sorğu xarakterli olub. Onun sözlərinə görə, müraciətlər daha çox TQDK ekspertlərindən məsləhət alınması ilə bağlı olub: “Birinci mərhələdə ali məktəblərin müsabiqə şərtini ödəməyən abituriyentlər də komissiyaya müraciət etdilər. Onlar ikinci mərhələdə müsabiqə şərtində hər hansı bir dəyişikliyin olub-olmayacağını soruşurdular. Abituriyentlərə izah olundu ki, birinci turda əsas yerləşdirmə zamanı quruplar üzrə tətbiq olunan müsabiqə şərtlərinin ikinci turda dəyişdirilməsi nəzərdə tutulmur. Eyni zamanda ixtisas seçimi ilə bağlı çoxlu müraciətlər var idi. Biz bu məsələ ilə də bağlı məlumatları onlara çatdırırdıq. Ümumiyyətlə, ötənilki ilə müqayisədə müraciətlər azlıq təşkil edirdi”.
Qeyd edək ki, apeliyasiya komissiyası avqustun 12-dən 14-dək müraciətləri cavablandırıb. Komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.