Müxtəlif vaxtlarda islam dininin hökmran olduğu coğrafiyada istər açıq, istər gizli şəkildə namazın ana dilində olması məsələsi müzakirələrə yol açıb. “Namaz milli dildə olmalıdırmı?” polemikası müəyyən zaman kəsiyində Azərbaycanda da aparılıb və müzakirələr (mübahisələr) hələ də davam etməkdədir. İslam dininin milliləşdirilməsi məsələsinə isə din xadimlərinin, fikir adamlarının, dindarların yanaşması müxtəlif olub. XX əsrin əvvəllərində yuxarıda söz açdığımız məsələ barədə böyük mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu “Açıq söz” qəzetində maraqlı məqaləsi dərc olunub. M. Ə. Rəsulzadənin “İslam dini və ana dili” məqaləsində dualar, namaz ana dilində ola bilərmi sualına aydınlıq gətirilib: “Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl olar”.
“Açıq söz” qəzetinin 413-cü nömrəli, 27 fevral tarixli sayında çap olunmuş məqalədə Petroqrad ali məktəblərində oxuyan bir qrup şimallı türk tələbələri (Alimcan Şərəf, Kərim Səid, İlyas Alkin, Saleh Rəhmanqulov, Hafiz Maqsudov, Məhfuz Maqsudova, Məryəm Benikiyeva, Zülfiyyə Umidova, Abdullah Abz) tərəfindən “Şura” mühərriri-möhtərəmi Rzaələddin Fəxrəddin Əfəndi həzrətlərinə dualarla namazların ana dilində olmasına icazə olub-olmadığı haqqında sualnamə barədə məlumat verilir:
““Möhtərəm mühərrir Əfəndi! “Şura” səhifələrində aşağıdakı suallarımıza yer verməzini rica ediyoruz:
1. Quran ilə həqiqətə görə və islam alimlərinin nəzərincə ibadət namazlar (gündəlik namazlar, bayram, cümə, təravih namazları və nafələ namazları) müxtəlif dua və istiğraflar, bayram və nikah xütbələri və qeyriləri mütləq ərəb dilində oxunmaq müvafiqmi, ayə şəriət bunların başqa dillərdə icrasına qarşı gəlmiyormu, rüsxət vermiyormu? Xülasəsi bu ki, islam rəsmi dil olaraq ərəbcənimi qəbul ediyor, yainki, islam nəzərində dillərin hamısı bir dərəcədəmidir?
2. İslam dinini qəbul edən millətlərdə bu vaxta qədər din ibadət dili olmaq üzrə ərəb dilindən başqa bir dilin qəbul edildiyi varmı?
Bu məsələləri dini alimlərimizin müzakirələrinə ərz ediyor və Rzaələddin həzrətin özünün də bu xüsusda fikirlərini bəyan etməsini rica ediyoruz.
Bu məsələlərin açılmasını biz aşağıdakı nöqteyi-nəzərlərdən əhəmiyyətli görüyoruz:
1. Diləkləri öz dilincə diləmək; istədiklərini öz dilincə istəmək; qulluq göstərildikdə öz dilincə danışıb nə söyləndiyini bilərək qulluq göstərmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor.
2. Əgər də din olaraq milli dili qəbul olunsa Quran ilə əhadisin və dürlü duaların mənalarını anlamaqla bərabər xalqda islam ruhunu, fikrini anlamaq daha da irəlilər və hər yerdə Quran bir Quran ibadətdə oxunan surələr, bir surələr, dua və xütbələrin də bir dua və xütbə olması ilə bu gün islam aləmində olan zahiri birlik, o zaman ruhi və mənəvi bir birliyə mübəddəl olar.
3. Dilimizə, millətimizə ögey nəzər ilə baxmayıb tamam hüquq versə, o zaman islamı milli din – deyə qəbul edə biləriz. Yoxsa o millətin ayrı fərdlərinin dini olur və milli məsələlərimizi biz islam ilə bağlamamağa məcbur oluruz.
4. Məktəblərimizdə ana dili xaricə qovulub oxu oxutmaq üçün rus dili təxsis olunmuş, sudlarda, məhəlli idarələrdə tatar dili tamam haqlı bir dil kimi qəbul olunmuyor. Milli nöqteyi-nəzərdən baxanda bizim dilimiz üçün az olsa da, Allah ilə olan münasibətimizi öz dilimizdə icra etmək mümkün olmaz və yainki tatar dili buna layiq deyil, - deyilərsə bu, dilimizlə millətimizə bir təhqiri-mütəzəmmin oluyor.
5. Din ibadət dili olaraq milli dil qəbul olunsa ibtidai məktəblərimizdə ərəb dili oxutmağa ehtiyac qalmaz idi. Bu onlar üçün məlumdur ki, böyük bir yüngüllük təşkil edərdi və balaların maddi və mənəvi gələcəkləri üçün daha əhəmiyyətli şeylər oxutmağa vaxt qalar idi (Məlum ki, bu sözlər ibtidai məktəblərimiz haqqındadır. Orta və yuxarı dini mədrəsələrimizdə ərəb dili haman sabiqki qərar üzrə qalmalıdır).
Həyatla bağlı olan bu məsələləri özümüzün bugünkü və gələcəkdəki işlərimiz üçün əhəmiyyətli gördüyümüzdən suallarımız cavabsız qalmaz – deyə ümid ediyoruz”.
Yenə də “Açıq söz” qəzetinin növbəti, 28 fevral tarixli sayında Rzaələddin Fəxrəddin həzrətlərinin ali məktəb tələbələrinə cavab məktubu dərc olunur:
“1. İslam dinində rəsmi deyilən bir dil yoxdur. Ərəb dili ərəblərdən başqa müsəlmanlar üçün rəsmi dil deyil, bəlkə islam dininə mənsub olmaqla bərabər hər kişinin və hər qövmin öz ana dili rəsmi dil sayılır. Namaz qılmaq istisna edilməklə hər dürlü əməl və ibadət ana dilində yapıla bilər. Hər kəsin öz ana dili ilə gətirdiyi imanı məqbuldur. Hər kəsin öz ana dili ilə qıldığı əqdləri (nikah, xəl, alış-veriş kimi işlər) iqrarları mötəbərdir. Hər kəsin öz ana dilində etdiyi tövbəsi, istiğfarı, allah-təalaya olan dua və münacatı, təzərrö və ilticaları, andları mötəbərdir. Bu işlərin heç birinin də (namaz müstəsna) ərəb dili ilə olması haqqında təklif yox. Namazdan başqa bütün ibadətləri ana dilində yapan kişi yenə yapsın. Rəsulüllah həzrətləri dil dəyişməsi haqqında heç bir dəvətdə bulunmadı. Səhabələr dil təbdilini təklif etmədilər.
2. Dil işi ilə səvab-günah yazılması, yaki şəri bir hökm olması üçün adam öz dilinin nə söylədiyini bilməsi şərtdir. Bu xüsusda hər bir sözün ayrı-ayrı mənasını bilmək lazım deyil. Bəlkə söylədiyi cümləsinin məzmununu, nəyə dair olduğunu anlamaq kafidir. Buna görə “la-ilahə-illəllah. Mühəmmədün Rəsulüllah” – söyləyən kişi əgər bu kəlamların iman gətirən sözlər olduğunu bilsə, şununla müsəlman ədd ediliyor. Yoxsa günboyu oxuyub yürüsə də islam qəbul edicilərdən sayılmayır. Nikah siğəsi nə olduğunu bildikdən, son hər bir sözünün nədən ibarət olduğunu bilmədiyi halda bir qadın bir ərə zovcət “nəfsi-mənin” desə əqd oluyor, fəqət şu sözü ərəbcə dua deyə aldadıb söylətsələr əqd olmayır.
Başqa dillərdəki söyləmələr, başqa səhifələr və surətlərdə də hökm budur, bunun üçün namazda oxunan Quran ayələrindən ən azdan fatihə surəsinin və məsur duaların ixtisar təriqi ilə də olsa məzmunlarını bilmək lazımdır. Fatihə surəsini “Allah-təalaya həmdü səna”, həm də Allah-təalanın böyük sifətlərini zikr etmək ibadəti ona xas etməyi iqrar etmək, Allah-təaladan hidayət və doğru yola getməyi istəməkdən ibarət deyib bilməyən kişinin namazı namaz olur – deyəməm. Bu səbəbə görə Qurani-Kərimi, hədisləri ana dilində tərcümə etmək deyil, yalnız mümkün, bəlkə iqtidarı olan kişilərə bu lazım bir vəzifədir.
3. Quran allah-təala tərəfindən vəhy edilmiş və Rəsulüllah tərəfindən ümmətə təbliğ olunmuş mənalar və ləfələrin ikisindən ibarət olduğu üçün tərcümələri oxumaq Quran oxumaq olmayır.
4. Ləfzi və mənası ilə mühafizə edilmiş Qurani-Kərimdən başqa Allah-təala kitabı dünya üzündə yox, dünyada olan kitab əhlilərinin heç biri öz kitablarının ləfzləri göydən gəldiyini və bu gündə şu ləfzləri salamat (salim) olduqlarını dəva etmiyorlar. Bu hal yalnız müsəlmanlara və Qurani – Kərimə məxsusdur. Bunun üçün müsəlmanlar Qurani – Kərimin ləfzlərini saxlamaqla mükəlləfdirlər. Namazda Quran oxunmasının lazım olduğunun bir hikməti – Quranın ləfzələ bərabər mühafizə edilməsinə vasilə olmaq üçündür.
5. Namazda Quran və məsur duaların öz ləfzləri ilə bərabər oxunması ərəb lisanının müsəlmanlar üçün rəsmi dil almasından deyil, bəlkə Quranı və Rəsulüllahın öyrətdiyi bir rəvişi saxlamaq, həm də bütün yer üzündə olan müsəlmanlar arasında münasibət peyda etmək üçündür. İslam dinində olan dil ibadəti yüz pay olsa, namazdakı dil ibadəti buna baxdıqca bir pay da yox. Bunun üçün buna ağırlanmaq və bu işi ana dilinin zənginləşməsinə mane görmək məhəlsizdir. Namazdan başqa olan ibadətlərin həpsində diləkləri öz dilində istə, öz dilinlə qulluq et, bu işlərdə mane olmadığını yuxarıda göstərdik”.
Mənbə: Lent.az