Qadin.NET / Mərkəzi Aran rayonlarında günvurma problemi

Mərkəzi Aran rayonlarında günvurma problemi

Mərkəzi Aran rayonlarında günvurma problemi

Milli.Az xəbər verir ki, isti yay günlərində, xüsusilə günorta saatlarında Mərkəzi Aran rayonlarında, demək olar ki, hər addımbaşı çətirlə gəzən insanlara rast gəlinir. Məqsəd günəş şüasından qorunmaqdır. Lakin bir çox hallarda bu da fayda vermir. Hazırda günvurma mərkəzi aran bölgəsində ən çox rast gəlinən hallardan biridir.
EL televiziyasının məlumatına görə, Yevlax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Çingiz Baxşəliyev bildirib ki, yay mövsümü başlayandan indiyədək onlara 5 nəfər günvurma ilə əlaqədar müraciət edib. Mingəçevir TTTYS-nın həkimi Fəxrəddin Quliyev isə deyib ki, onlara günvurma ilə bağlı 2 nəfər rəsmi müraciət edib.
Mütəxəssislər deyirlər ki, bəzən rayon yerlərində günvurmanı keçici hesab edib, insanlar bununla bağlı həkimə getməyə o qədər də meylli olmurlar. Lakin gün vuran insan vaxtında həkimə müraciət etməsə, o, koma vəziyyətinə düşür, beyin və digər orqanlar fəaliyyətini itirir. Günvurma zamanı baş gicəllənir, gözlər qaralır, ürəkbulanması olur və insan huşunu itirir. Bəzi hallarda qusma hallarına rast gəlinir.
Həkimlər bu cür hallarla qarşılaşmamaq üçün günorta vaxtı, xüsusilə saat 12-dən 5-dək bayıra çıxmamağı, ağır fiziki işlə məşğul olmamağı, həmçinin, günəş şüalarının altında uzaq məsafəni qət etməməyi məsləhət görürlər. Lakin cox vaxt buna biganə yanaşılır. Qeyd edək ki, adətən, günvurmaya uşaqlarda, yaşlılarda və xroniki xəstə olan insanlarda rast gəlinir. Lakin unutmayaq ki, heç kim xəstələnməkdən, o cümlədən də günvurmadan sığortalanmayıb.
Mənbə: Milli.Az 

15 avqust 2013
GO BACK