Parlamentin iclasında çıxışa yazılmışdım. Mobil telefonuma zəng gəldi və cavab verə bilmədim. Bir necə saniyə sonra bir “sms” gəldi. – Yazan “Təmiz Dünya” Təşkilatının sədri Mehriban xanım idi. 10 dəqiqə sonra – yəni çıxışımı bitirib zəng etdim. Çətin duruma düşmüş, ailə başçısı olmayan, körpə balaları ilə işsiz, evsiz qalan... sosial yardım belə ala bilməyən, uşağı xəstə, çarəsiz bir qadın ilə bağlı danışdı və Sevinc adlı bu ananın çarəsizliyindən istifadə edəcək kəmfürsətlərin... (üzr istəyirəm) onu bəlkə əxlaqsız yola sürükləməyə çalışacaqlarını da ehtiyatla dilə gətirdi. “10 dəqiqəyə gəlirəm” dedim və “Təmiz Dünya”nın İçəri Şəhərdəki balaca qərargahında Sevinc xanımla görüşə tələsdim... Qarşımda gənc bir xanım, bir ana var idi. O, pis yola düşmək istəmirdi, sadəcə, işləyib övladlarını saxlamaq, müalicə etmək üçün bir iş, dövlətin yoxsul ailələr üçün ayırdığı sosial yardımı ala bilmək və övladları ilə yaşaya biləcəyi balaca bir otağının olmasını istəyir və yardım gözləyirdi. Bəzi təşkilatlarla danışıb ona bir iş düzəldə bildik, sosial yardımla bağlı müvafiq dövlət qurumunun Sevinc xanımın yaşadığı rayondakı nümayəndəsi ilə danışıb sosial yardım mövzusunu çözdük. Onun üçün rayonda təmin edə bildiyimiz 3 sot torpaq sahəsində balaca bir ev tikə bilməsi üçün bəzi dostlara da müraciət edəcəyimizi ( Ramazan ayında ona kömək etmək istəyənlərin az olmayacağını) dedim.
Əsl anlatmaq istədiyim bu deyil. Anlatmaq istədiyim rayonlarda, kəndlərdə rəsmi qurumların, icra nümayəndələrinin, bələdiyyələrin, nazirliklərin nümayəndələrinin bu cür çarəsiz insanlara (qadınlara! analara!) daha həssas davranmağa, onların problemlərini yerlərdə həll etməyə səsləməkdir. Düşünün ki, o qadın sığınacaq mərkəzinə deyil, insan alverçilərinin, çarəsiz qadınların düşdüyü durumdan, onların gücsüzlüyündən istifadə edənlərin toruna düşsə, nə olardı? Bir qadının həyatı puç olacaqdı.
...Bir ailənin, böyüyən uşaqların taleyini bir göz önünə gətirin. Ona görə hər zaman istər parlamentdəki çıxışlarımda, istərsə də başqa yerlərdə söylədiyim fikri bir daha söyləyirəm: Biz belə çarəsiz anaları taleyin ümidinə buraxmamalıyıq və yerli qurumlar, təşkilatlar belə qadınlar, analar üçün başqalarından daha da artıq həssaslıq göstərməli, onların problemlərinin həllinə çalışmalıdır.
İkinci toxunacağım məqam qadın sığınacaq mərkəzləri ilə bağlıdır. İlk günlərdən onların tərəfdarı kimi çıxış etdim. Bir çoxları əleyhinə çıxanda bütün gücümlə müdafiə etməyə çalışdım. Yaxşı ki, varlar və onların daha da güclənməsi üçün hamımız əlimizdən gələni etməliyik. Əgər qadın sığınacaqları olmasaydı, Sevinc hara sığınacaqdı, pis xislətli insanların toruna düşməkdən xilas ola biləcəkdimi? Amma onlar nəinki ona sığınacaq veriblər həm də onun problemlərinin həlli istiqamətində mən də daxil olmaqla müəyyən şəxslərə, instansiyalara müraciətlər edib və sonda birlikdə Sevincin problemlərinin həllinə nail ola biliblər.
Ən əsası Sevincdən yazmaq istəyirəm. Ona böyük həvəslə yardım etmək istədim və şükür Tanrıya, edə bildim. Çünki həyatın bütün zərbələrinə, çətinliklərinə, çarəsizliyinə baxmayaraq, həyatda əyri yol deyil, doğru yolda yürümək mübarizəsini, inadını və inamını itirməmək bir DƏYƏRdir! Zəhmətlə çalışıb, əxlaqla, namusla və balalarının gözünün içinə dik baxaraq yaşamaq yolunu tutmaq etiraf olunası mərdanəlikdir. Çətinliklərə baxmayaraq asan yolu deyil, məhz doğru olanı seçmək sayğıya, qayğıya layiqdir! Onu – Sevinci təbrik edirəm və bir çoxlarının ondan örnək götürməsini çox istəyərdim, çox...
Bir az öncə telefonla danışdım Sevinc ilə. Sosial yardımla bağlı sənədləşməsi tamamlanıb, hətta bir-iki günə işə çıxacaq. Qalır 3 sotluq torpağında bir otaqlı da olsa ev tikintisinə kömək etmək. İndi Ramazan ayıdır. İmkanlı insanların kasıblara əl tutması savabdır. İnanıram ki, 2-3 imkanlı soydaşımız tapılacaq ki, Sevinc və uşaqlarını sevindirməklə yanaşı, onları sıxıntıdan həmişəlik qurtarmağa yardım edəcək (inşallah). Bu böyük savabı qazanmağı kim istəməz?!
Çarəsiz analara yardım ən böyük savabdır. Tanıdığımız, bildiyimiz çarəsiz, yoxsul analara yardım etmək hər zaman, özəlliklə müqəddəs Ramazan ayında ən böyük savablardandır. Bunu unutmayaq!
Mənbə: Lent.Az