Qadin.NET / 90 dəqiqə "Qarabağ!..."

90 dəqiqə "Qarabağ!..."

Yusif Rzayev yazır

Dünən gözəl gün idi, həyəcanlı gün idi, duyğulu gün idi...

Dünən hər kəs “Qarabağ” sözünə köklənmişdi – meydanda “Qarabağ” adına əzmlə mücadilə eləyən futbolçular da, kənarda durub bu mücadiləyə qoşulmaq üçün növbə gözləyən ehtiyat oyunçular da, bu oyunun, bu günün, bu məsuliyyətin yükünə hamıdan çox sahiblənən məşqçi Qurban Qurbanov da, stadionda 90 dəqiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” deyə-deyə coşub-daşan minlərlə azarkeş də...

 Dünənki günü gözəlləşdirən, şübhəsiz, komanda oldu, dünənki həyəcanı şirinləşdirən meydanda mücadilə aparan oyunçular oldu, dünənki günü duyğulandıran bu komandanın, bu oyunçuların başında duran, belə bir məsuliyyəti üstünə götürməyi haqq etdiyini bir daha ortaya qoyan Qurban Qurbanov oldu. Buna görə bu adamlara nə qədər təşəkkür eləsən azdı...

Amma məni dünən başqa bir məqam daha çox təsirləndirdi. Minlərlə gənc, minlərlə yeniyetmə 90 dəqiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” nidasıyla kükrədi. Bu gün gəncləri, yeniyetmələri çox qınayır yaşlı nəsil, “biz də cavan olmuşuq, bizim vaxtlarımızda belə deyildi” düşüncəsiylə addımbaşı onların, türklər demiş, canına okuyorlar... Dünənki gün göstərdi ki, yanılırıq – bu gənclər, bu yeniyetmələr haqda bədgüman olmaqda yanılırıq. Dünən “Qarabağ” sözü, Qarabağın adı bu uşaqları – minlərlə gənci, minlərlə yeniyetməni bir yerə səfərbər edib 90 dəqiqə coşdurdu. Deməli, hər şey mümkündü – onların aşıb-daşan, qaynayan enerjisini yönəltmək, faydalı, lazımlı tərəfə istiqamətləndirmək mümkündü...

 Yetər ki, onları inandıra biləsən!

 Yetər ki, onların içindəki o saf nöqtələri tərpədə biləsən!

 Yetər ki, hamı, hər kəs öz yerində olsun!

 Yetər ki, yerində olan hamının və hər kəsin öz işini canı-dildən, vicdanla görməyə imkanı olsun!...

 Dünən “Qarabağ” komandasının, komandanın baş məşqçisi Qurban Qurbanovun timsalında bu örnəyi gördük...

 O uşaqlar – o gənclər, o yeniyetmələr dünən “Qarabağ”a inandılar, komandaya inandılar və nəyə qadir olduqlarını ortaya qoydular...

 Sıra bizdədi – hamımızdadı...

 “Yaxşi ki, var gül balalar!..”
Mənbə:Lent.az 

14 avqust 2013
GO BACK