Qadin.NET / Azərbaycan və Rusiya neft sahəsində imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər

Azərbaycan və Rusiya neft sahəsində imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər

Azərbaycan və Rusiya "Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, imzalanan Sazişi dəyərləndirərkən "Rosneft" prezidenti İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev bu sənədi Rusiya və Azərbaycan arasında enerji sahəsində dövlətlərarası əməkdaşlığın tammiqyaslı genişləndirilməsi sahəsində yeni və ciddi addım kimi qiymətləndiriblər.
Onlar bəyan ediblər ki, Saziş iki şirkətə fəaliyyət coğrafiyalarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək, resurslar qazanmaq, eləcə də mövcud infrastrukturdan birgə istifadə etmək hesabına neft və neft məhsullarının tədarükünü optimallaşdırmaq imkanı yaradacaqdır.
Qeyd edək ki, avqustun 13-də "Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) əməkdaşlıq haqqında Saziş imzalamışlar. Sənədi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Rosneft"in prezidenti, İdarə Heyətinin sədri İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar.
Tərəflər neftin və qazın müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda kəşfiyyatı və hasilatı sahəsində həyata keçirilən layihələrdə və marketinq, neft və neft məhsullarının satışı sahəsində birgə əməliyyatlarda əməkdaşlıq etmək haqqında razılığa gəlmişlər. Bu məqsədlə tərəflər paritet əsaslarla birgə müəssisə yaradacaqlar. Bundan başqa "Rosneft" və SOCAR arasında bir sıra infrastruktur obyektləri, o cümlədən boru kəmərləri və terminallardan birgə istifadə etmək haqqında razılıq əldə olunmuşdur.
Mənbə:Trend.az 

14 avqust 2013
GO BACK