Qadin.NET / Bizi gözəlləşdirən düşmənlər-Pariklər

Bizi gözəlləşdirən düşmənlər-Pariklər

Bizi gözəlləşdirən düşmənlər-Pariklər

Gur saçlar sahibinin sağlam, baxımlı olmasından xəbər verir. Saçlar nə qədər gur və parlaq olsa, o saçın sahibi də bir o qədər diqqətçəkən olur. Xüsusən xanımlar saçlarının gözəgəlimli, baxımlı, ipək kimi olması üçün əlindən gələni edir. 
Qadınların 70%-dən çoxu uzun saç arzusundadır. Uzun saça sahib olmaq isə asan deyil. Bunun üçün ya uzun illərə və bol səbrə sahib olmalısan, ya da pulundan keçməlisən. Hazırda ən zəif saçları belə inkişaf etmiş tibb sağlamlaşdıra və cavanlaşdıra bilir. Lakin buna da meyl edən insanlar azdır. Çünki insan hər işdə olduğu kimi gözəllik sahəsində də tələskən və səbirsiz olur, tez nəticə əldə etmək istəyir. 
İndi saçları gur etməyin bir çox yolları var. Bunların başında tibbi müalicə gəlir ki, bu yolla insan öz saçlarını daha sağlam edir, gurlaşdırır və tez uzadır. Lakin əvvəlki illərdə qadınlar saçlarından bezdikdə üz tutduqları çarə pariklər olub. Parik süni saç və o saçı təbii saça birləşdirən hissədən ibarət olur. Parikin ilk yaradılış səbəbi qədim dövrlərdə insanların saçlarından biti və çirkabı təmizləyə bilməməsi olub. Məhz bu məqsədlə yaradılan parik günümüzdə gözəllik məqsədi ilə istifadə olunur. 
Qədim Misirdə aristokratların öz yüksəkliklərini bildirmək üçün istifadə etdikləri pariklər də o dövrün tələbi olub. At quyruğu ilə insan saçının birləşdirilməsindən yaradılan pariklər aristokratar arasında xüsusi dəyərə malik olub. İlk parik istifadə edən qadınlar isə Romada olublar. Onlar parikin üzərinə zər tökərək saçlarına keçirib və bu pariklərdən aksessuar kimi istifadə ediblər. 12-ci yüzillikdə insan saçı formasında hörülən pariklər zamanla qadınlar arasında maraq oyandırmağa başlayıb və qısa müddətdən sonra bu pariklər xanımların qurtarıcısı olub. Hazırda pariklər insanlar tərəfindən elə də çox istifadə olunmasa da, "heç istifadə olunmur" demək düzgün olmaz. Azəbaycanda isə xüsusən uzun saça marağı olan xanımlar pariklərdən istifadə edirlər. 
Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən dükanda istənilən növ parik tapmaq mümkündür. Satıcı Amil Məmmədov bildirir ki, bu pariklər əvvəlki illərə nisbətən çox dəyişib və daha da gözəlləşdirilib. Əvvəlki pariklər sadəcə saç yığıldıqdan sonra quyruq məqsədi ilə saça birləşdirilirdisə, indi hazır saç kəsimi olan pariklər satılır. Bu parikləri saçına qoyan xanımlar orijinal saçlı xanımlardan, demək olar ki, seçilmirlər: "Əvvəlki illərin pariklərinin saçı sırf sintetik olurdu. O pariklərin tükləri kukla başından seçilmirdi. Baxan kimi bilinirdi ki, saç qoyma saçdır. Bundan əlavə, saçda ayrıc olmurdu. O saçlara baxanda insana elə gəlirdi ki, saçın hamısı eyni saç dibindən çıxıb. Bu da o saçın süniliyini tez aşkara çıxarırdı. Sonra o pariklərin ən pis xüsusiyyəti saça bərkidilməsində narahatlıq olması idi. Adi külək belə möhkəm əssə, o parikləri yerindən oynada bilərdi. Hazırda bu sahədə də irəliləyiş var. Pariklərin materialı dəyişib. Xaricdən sifariş veririk. İndi gələn parikləri yuyub istifadə etmək olur. Dolaşıq düşmür. Xüsusən salonlarda yuyulub fenləndikdə keyfiyyətin uzun müddət saxlaya bilir. Bu pariklərin iç hissəsində olan rezinlər saça keçirilir və başdan elə də asan çıxmır. Eyni zamanda ayrıc hissəsi də qoyulur, insan başından seçilmir". 
Pariklərin qiymətinə gəlincə, satıcının sözlərinə görə, qiymət saçın uzunluğundan, kəsim formasından, materialından asılı olaraq dəyişir. "Bu dəyişim çox böyük olmur. 30 manat 70 manat arası deyə bilərəm. Amma təbii parik istənilsə bu, artıq 100 manatlarla hesablanır və xüsusi olaraq sifarişlə hazırlanır. Baha olması təbiidir, çünki o saçlar da kiminsə saçıdır və o da saçını satır. Ucuz qiymətə parikləri "vosmoy" bazarından tapmaq mümkündür. Bizdə də oradan gətirilən pariklər olur, özü də o pariklər daha tez satılır. Xanımlar çox pul verib uzun müddət istifadə etməkdənsə az pul verib 1 dəfə istifadə etməyi üstün bilir. O pariklər istifadədən sonra kukla başı kimi dolaşır və o saçları açmaq çox çətin olur". 
Belə keyfiyyətsiz pariklərin məkanı sayılan "8-ci kilometr" bazarına üz tuturuq. Parik burada kifayət qədər çoxdur. Parik satılan mağazalardan birinə yaxınlaşırıq. Əvvəlki mağazadan fərqli olaraq buradakı pariklər maniken başlarına keçirilməyib, üstünün bağlaması yoxdur. Satıcıdan sellofanda olan təmiz parik xahiş edirik. Satıcı qutudan bağlı parik çıxarır, lakin açmağa icazə vermir. Parikin necə olmasına baxmaq istəyirik, "açsanız, tüklər dolaşar" cavabını alırıq. Saça yarım bağlanan uzun parikin qiyməti 11 manatdır. Çiyindən olan, lakin bütün baş üçün olan parik isə 13 manatdır. 
Dermatoloq Ümmiyə Həsənova bazardan aldığımız parikin üstündəcə parikin necə olmasını izah edir. Onun sözlərinə görə, bu və bunun kimi bütöv pariklər ilk növbədə dərinin düşmənidir: "Parikin iç təbəqəsi hava keçirməyən materialdandır. Qoyulan parik ən az 3-4 saat başda qalacaqsa bu, dərinin və tüklərin o qədər havasız qalacağı deməkdir. Dərinin quruyub, qaşınıb, qızarmasına ilk səbəb budur. İkincisi, parikin elastik bağıdır. Bu bağ parikin başdan düşməməsi üçün olduqca kip edilir. Boynun arxası, qulağın dibi, alınla çevrələnən bu bağ damarları sıxır, qan dövranını pozur. Alıcı bunu yaxşı hal kimi qəbul edə bilər, çünki parik başa möhkəm oturur, amma ziyandır. Sonra, parikin tüklərinin hansı material olması, mənşəyi naməlumdur. Bu pariklərin üzdə, boyunda allergiya yaratmayacağına əmin olmaq mümkün deyil". 
Dermatoloq məsləhət görür ki, parikin istifadəsi mütləq olduğu halda parçalara bölünmüş pariklərdən istifadə olunsun. Ya parik saçın arxasına bağlansın, ya tək çolkadan istifadə olunsun. Bütün dərini tutmasın. Belə olan halda parikin zərəri azalmış olur. Xanımlar saçlarını hər gün bir rəngə boyadıqları zaman saçlarda yanmalar və qırılmalar da yaranır. Bu zaman çıxış yolu elə pariklər olur: "Birdəfəlik istifadə üçün də olsa pariklər diqqətlə seçilməlidir. Xüsusi dükanlardan alınmalıdır. Bağlamada olmalıdır. Hansı materialdan olduğu üstündə yazılmalıdır. Eyni zamanda başqa xanımların parikindən istifadə edilməməlidir. Vaxtlı-vaxtında qulluq edilməli və təmizlənməlidir". 
Təbii pariklər təbii saçdan düzəldilir. Bunun üçün bir çox qızlar salonlarda saçlarını kəsdirib satırlar. Saçın uzunluğuna görə də verilən qiymət dəyişir. 40 sm olan saçlar 50 manata alınır, qısa olanların qiyməti isə daha ucuzdur. Sonradan ustalar bu saçlardan "cırt-cırt" və parik düzəldirlər. 
Pariklərin hansı keyfiyyətdə olmasından asılı olmayaraq onları saç salonlarında yuduzdurmaq daha məsləhətlidir. 
Mənbə:Milli.az 

14 avqust 2013
GO BACK