“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) digər yerli kanalları yayımladığı kimi, regional TV kanallarını da yayımlamaq imkanına malikdir və bu istiqamətdə onlarla müqavilələr bağlamağa hazırdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunun üçün TV kanalları öz öhdələrinə düşən lazımi texniki hazırlıqları təmin etməlidir.
Yəni peyk TV yayımın məzmununu ötürmək üçün müvafiq avadanlığa sahib olmalıdır. Bu günə kimi 3-4 regional TV kanalı milli peykimiz vasitəsilə yayımlanmaq üçün “Azərkosmos” ASC-yə müraciət edib və onlara lazımi texniki hazırlıqlar və kommersiya şərtləri barədə məlumat verilib. Regional TV-lərlə bağlanacaq müqavilələr bazarın tələblərinə uyğun qurulacaq və bu zaman müəyyən güzəştlər tətbiq oluna bilər. Çünki regional TV-lərin maddi imkanları ümumazərbaycan üzrə yayımlanan TV-lərin maddi durumları ilə eyni deyil.
“Azərkosmos” ASC kommersiya təşkilatıdır və təşkilatın tətbiq etdiyi tariflər dövlət tərəfindən tənzimlənən tariflərə aid edilmir. Müvafiq olaraq tariflər bazar tələblərinə
uyğun formalaşır.
Mənbə: Lent.az