Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ölkənin bir çox rayonlarında payızlıq əkin üçün hazırlıq işləri yerinə yetirilir. Belə ki, fermerlər artıq toxum səpininə başlayıblar. Toxum satıcısı Araz Qarayev bildirib ki, hazırda daha çox xiyar, ispanaq və göyərti toxumları alınır. Onun sözlərinə görə, əsasən xaricdən gətirilən toxumlar satılır. Bu da ölkədə toxumçuluq sahəsinin qənaətbəxş olmamasından irəli gəlir.
Toxum satıcısı Araz Qarayev: “Toxumlar, demək olar ki, xaricdən gətirilir. Əsasən Türkiyə, Hollandiya, Fransadan gətirilir. Yerli toxumlar çox az miqdardadır. Çünki respublikada dövlət səviyyəsində olan toxumçuluq sistemi hələlik yoxdur. Toxumçuluqla məşğul olan xırda fermerlər var, amma onların toxumlarının keyfiyyəti istənilən qaydada deyil. Çünki toxum təmizləmək üçün xüsusi maşınlar lazımdır. Onlar da çox bahadır və bu gün respublikada, demək olar ki, yoxdur”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Firudin Qurbanov bildirib ki, bu gün əkinlə məşğul olan insanların ən böyük səhvi hər yaxşı məhsulu toxum hesab etmələridir. Bu da ondan irəli gəlir ki, fermerlər bu sahədə kifayət qədər məlumatlı deyillər.
“Bu gün fermerlərimiz məhsulu biçərkən sahənin bir az təmiz, yaxşı görünən hissəsinin məhsulunu biçib, onu anbarda toxum kimi saxlayırlar. Gələcək əkində də bundan istifadə edirlər. Bəzən deyirlər ki, filankəsin sahəsində yaxşı məhsul olub, toxumu ondan almaq lazımdır. Ancaq bilməlidirlər ki, o, məhsul biçib, toxum yox. Məsələn, buğda bitkisinin sünbülündəki dən həm onun əmtəəlik məhsulu, həm də gələcəkdə istifadə edilən toxumudur. Ona görə də bu gün fermerlərə izah etmək lazımdır ki, necə olanda məhsula toxum deyirik, necə olanda əmtəəlik məhsul kimi istifadə edirik”.
Mütəxəssis həmçinin qeyd edib ki, hər bir fermer toxum alarkən onun sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidir. Çünki sertifikatı olan toxumlarda məhsuldarlıq faizi və sortu bilinir. Bu da gələcək məhsulun keyfiyyətinə birbaşa təsir edən amildir. Uzun illər aqronom işləmiş toxum satıcısı isə bildirib ki, sertifikatı əsasən bu sahədə təcrübəsi olanlar tələb edir. Onun sözlərinə görə, xaricdən gələn hər bir toxumun sertifikatı var və istənilən halda bu sertifikat alıcıya təqdim edilir.
Mənbə: Milli.Az