“Bu günlərdə Rüstəm İbrahimbəyov hədsiz dərəcədə çaşqın vəziyyətdədir. O, vermiş olduğu vədlərin heç birini yerinə yetirmək gücündə deyil. Əslində, İbrahimbəyov bir müddət əvvəl Azərbaycana qayıdıb, burada özünün seçki komandasını yaratmalı, bu prosesə rəhbərlik etməli idi. Lakin o, virtual şəkildə seçkilərə qatılmağı daha üstün tutur və bunu özünün kənarda olmasının bir çox problemlərin həllində vacib rol oynaması ilə əsaslandırır”. Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail AğamalıRüstəm İbrahimbəyovun müxalifət mətbuatına verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, həmin müsahibədə əsas bir məqam onun diqqətini çəkib: “Rüstəm İbrahimbəyov müsahibəsində bu fikirləri səsləndirib: “Seçki kampaniyasına böyük miqdarda pul lazımdır, onların isə bu kampaniyanı təşkil etməyə gücləri çatmır. Deməli, o vəsaiti kimsə təşkil etməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Camaatın pulu yoxdur”... O zaman ortaya belə bir fikir çıxır ki, Rüstəm İbrahimbəyov Azərbaycanı sevməyən və burada morinent bir hakimiyyətin qurulmasında xüsusi səylər göstərənlərin vasitəsi ilə ölkədə hakimiyyətə gəlmək istəyir. İbrahimbəyovu da maliyyələşdirən elə həmin insanlardır. Onların arasında ermənilərin olması da istisna deyil. İbrahimbəyovun ermənilərlə sıx dostluğu hər kəsə məlumdur. Hətta bu yaxınlarda özünü Azərbaycan vətəndaşı kimi qələmə verən bir erməni, ölkəmizdə prezident olmaq iddiasını ortaya qoyarkən, Rüstəm İbrahimbəyovla görüşün labüdlüyünü önə çəkib. Təbii ki, bu detallar diqqətdən yayınmalı deyil”.
“İbrahimbəyov faktiki olaraq Azərbaycanı sevməyən, ölkəmizə düşmən kəsilən, burada ayrı-ayrı dövlətlərin maraqlarını həyata keçirməyə çalışan və bu gün işğal olunan torpaqların üzərində erməni nəzarətinin təmin edilməsinə köməklik edən insanların əhatəsindədir. Onun bu və ya bənzər sərsəm fikirlərinin heç bir əsası yoxdur”,- deyə millət vəkili əlavə edib.
Azərbaycan konstitusiyası ilə digər qanunlarımız arasında hər hansı bir ziddiyyətin olmadığını deyən millət vəkili qeyd edib ki, konstitusiyamız dünyanın ən tanınmış hüquq institutu və ekspertləri tərəfindən öyrənilən, yoxlanılan, xüsusi təkliflər verilən formada hazırlanıb: “Konstitusiyada ikili vətəndaşlıq birmənalı şəkildə qadağan olunub. Rüstəm İbrahimbəyov isə həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşıdır. O zaman ortaya bir sual çıxır. Əgər Rusiyanın vətəndaşı deyilsə, niyə həmin ölkənin vətəndaşlığından çıxmaq üçün bəzi rəsmi dövlət orqanlarına bu məsələ ilə bağlı ərizə ilə müraciət edir?! Bu, hansı məntiqə əsaslanır? Bütövlükdə “Milli Şura”, Rüstəm İbrahimbəyov və bu qurumun tərkibində olan bir sıra təşkilatlar böyük çaşqınlıq içərisindədirlər. Bir daha qeyd etmək yerinə düşər ki, “Milli Şura” perspektivsiz qurumdur və onun qarşıdan gələn prezident seçkilərində bu və ya digər şəkildə iştirak edərək demokratik proseslərə töhfəsi ciddi sual altındadır”.
Mənbə: Milli.Az