Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi imzaların 3256-sı etibarsız sayılıb.
APA-nın məlumatına görə, bu barədə qurumun bu gün keçirilən iclasında MSK katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, partiya sədrinin topladığı 44 min 33 imza işçi qrupu tərəfindən araşdırılıb, nəticədə 40 min 777 imza etibarlı hesab olunub. Namizədliyin qeydə alınması üçün 40 min imzanın tələb olunduğunu əsas gətirən MSK üzvləri İ. Ağazadənin prezidentliyə namizədliyini qeydə alıblar.
İclasda həmçinin, namizədliyi özü tərəfindən irəli sürülmüş Milli Elmlər akademiyasının elmi işçisi, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli və işsiz Mübariz Allahverdiyevin prezidentliyə namizədliyi təsdiq edilib. İclasda seçki komissiyalarının yekun protokolunun sayı və hazırlanması qaydası da müzakirə edilib və ölkədəki seçki komissiyalarının sayı qədər karbonlaşdrılmış kağızda yekun protokolun hazırlanması qərara alınıb.
Toplantıda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması sayı da təsdiq edilib, bəzi Dairə Seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Mənbə: Lent.Az