Qadin.NET / Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”

Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”

“İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya problemləri əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrlərdə digər infrastruktur layihələri uğurla icra edilib. Onların böyük əksəriyyəti demək olar ki, başa çatıb, o cümlədən magistral yolların tikintisi”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəmir ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısı bildirib ki,  kənd yollarının tikintisi həyata keçirilir: “Həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılır. İndi işlər gedir. Bir neçə kəndi birləşdirən yollar tikilməkdədir. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaq. Bu layihələrin arasında içməli su layihəsi əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti əlindən gələni edir”.

Prezident onu da vurğulayıb ki, Azərbaycanda insanların rifahı artır, sağlamlığı möhkəmlənir. “Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Azərbaycan əlbəttə ki, son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı üzərində qurulub. Ancaq buna baxmayaraq, çox güclü sosial siyasət aparılır”-deyə, dövlət  başçısı əlavə edib. 

Mənbə: Lent.Az

11 avqust 2013
GO BACK