eMarketer analitik şirkətinin məlumatına əsasən, ABŞ-da internet ilk dəfə olaraq vaxt müddətinə görə televiziyanı ötüb.
Sözügedən şirkətin məlumatına görə, 18 yaşdan yuxarı ABŞ vətəndaşı orta hesabla internetdə gündəlik 5 saat 9 dəqiqə vaxt keçirir ki, bu da ötən illə müqayisədə 16% daha çoxdur. Bu halda amerikalılar televizor qarşısında gündəlik 4 saat 31 dəqiqə vaxt keçirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, amerikalılar planşet və smartfonlarla gündəlik 2 saat 21 dəqiqə vaxt keçirir. Stasionar kompüter və noutbuklar üzrə bu göstərici getdikcə azalır, hazırda 2 saat 19 dəqiqə təşkil edir.
Lakin bütün bunlar qlobal reklam bazarına hələ ki güclü təsir göstərmir: şirkətlər əvvəlki kimi reklamın televiziyada yerləşdirilməsinə üstünlük verirlər. eMarketer analitik şirkətinin proqnozuna görə, bu il dünyada televiziya reklamlarına 205 milyard dollar xərclənəcəyi halda, onlayn reklama iki dəfə daha az pul sərf olunacaq. Mobil reklam bazarının həcmi bu il 80% artacaq.
Mənbə: Milli.Az