Avqustun 7-də Litvanın Trakay şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, Qalve gölündə keçiriləcək nüfuzlu yarışda 59 ölkədən 800-dək avarçəkən mübarizə aparacaq.
Bu çempionat 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək olimpiadada həm oğlan, həm də qız avarçəkənlərin 1 nəfərlik (JM1x) və 2 nəfərlik sükansız (JM2-) qayıqlarla iştirakına icazə veriləcək.
Azərbaycanı yeniyetmələr arasında son Avropa çempionu Boris Yotov təmsil edəcək. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu qayıq tipində hamıdan çox – 36 ölkə öz avarçəkənini sifariş edib. Əsasnaməyə görə, Yotov olimpiadaya lisenziya qazanmaq üçün ilk “6-lığ”a düşməyi, başqa sözlə, finala yüksəlməyi bacarmalıdır. Buna nail olsa, o, yeniyetmələr olimpiadasına vəsiqə qazanan ilk Azərbaycan idmançısı sayılacaq.
Artıq Yotovun ilk rəqibləri də məlumdur. O, avqustun 7-də Bakı vaxtı ilə saat 20:30-da seçmə mərhələdə Nikolay Sirotsin (Belarus), Andreyya Slyukiç (Serbiya), Kristofer Mittendorf (CAR), Pyer de Loof (Belçika) və Esteban Paçeko Domingeslə (Meksika) yarışacaq. İlk 3 yerlərin sahibləri birbaşa ¼ finala, sonrakı yerləri tutanlar təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşləri ertəsi gün, ¼ final yürüşləri isə avqustun 9-da olacaq. Avqustun 10-da yarımfinal, avqustun 11-də isə final yürüşləri keçiriləcək.
Qeyd edək ki, ötən il Trakay şəhərində keçirilmiş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın digər təmsilçisi Aleksandr Aleksandrov qızıl medal qazanıb.
Mənbə: Lent.az