Bakı, 5 avqust (AzərTAc), 2004-cü ildən bəri dünya ali məktəblərinin “Webometrics” adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və “Google” tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı, professor Ramon y Cajal tərəfindən yaradılmışdır.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki, 2013-ci ilin iyul ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada tanınması əsas götürülərək 25 min ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilmiş, tədqiq olunmuşdur. Nəticədə ali məktəblərin adı açıqlanmış, onların hər birinin tutduğu yer elan olunmuşdur.
Yüksək liqada (ilk 1/3) Azərbaycandan iki universitet - Bakı Dövlət Universiteti və Xəzər Universiteti yer almışdır.
Dünyanın ən yaxşı 1650 kitabxanası arasında Azərbaycandan yalnız Xəzər Universitetinin kitabxanası seçilmişdir. Bu özəl ali təhsil ocağının kitabxanası dünya üzrə 1040-cı, Avropa üzrə isə 477-ci yerdədir.
BDU və Xəzər Universitetindən sonra gələn Azərbaycan Diplomatiya Akademiyası ilk onminliyə daxil olmuşdur.
Mənbə : AzərTac