Bu gün Azərbaycanda uşaqlar üçün pnevmakok peyvəndinin tətbiqinə hazırlıq işlərini qiymətləndirəcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyası ilə müzakirələr aparılacaq.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında deyib ki, bu gün keçirilən ilk görüşdə ÜST-ün qiymətləndirmə missiyasının nümayəndələri peyvəndin tətbiqi ilə bağlı bütün məsələlər ətraflı müzakirə ediləcək. A.Əliyeva qeyd edib ki, peyvəndlərin tətbiqinə hazırlıq işləri ilə bağlı yoxlamalara isə sabahdan etibarən başlanacaq. Onun sözlərinə görə, sabahdan etibarən ÜST nümayəndələrinin Azərbaycanın rayonlara səfəri başlanacaq: “Ümumilikdə yoxlama prosesi 2-3 gün ərzində, avqustun 8-dək davam edəcək. ÜST nümayəndələrinin yoxlamalarından sonra Azərbaycana yeni vaksinlərin gətirilməsinə başlanacaq”.
Mənbə: Lent.az