2013-cü ilin iyul ayının yekunu üzrə brauzer bazarını araşdırmış Net Applications şirkətinin analitiklərinin məlumatına görə, Chrome ən sürətlə inkişaf edən brauzer olsa da, lakin populyarlıq üzrə Internet Explorer (IE) brauzerindən geri qalır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bir ay ərzində IE-nin payı 0.46% artaraq 55,61% olub. Müvafiq dövrdə Firefox brauzerinin payı 0,86% azalaraq 18,29% olub və o, ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, 5 ildən çox müddət ərzində Mozilla şirkətinin məhsulunda bu qədər aşağı nəticə qeydə alınmayıb.
Chrome brauzerinin payı 0,59% (bu, rəqiblər arasında ən böyük artım göstəricisi olub) artaraq 17,76% təşkil edib. Dinamikaya əsasən qeyd etmək olar ki, Chrome-un bazar payı yaxın aylarda Firefox brauzerini ötəcək.
Norveçin Opera Software brauzerinin populyarlığı azalmağa davam edir: iyul ayında onun bazar payı azalaraq 1,49% olub ki, bu da ona ən populyar brauzerlərin siyahısında yalnız beşinci yerdə qərarlaşmağa imkan verib.
Net Applications analitik şirkəti 40 mindən çox saytı izləyən 160 milyondan çox istifadəçinin fəallığına nəzarət edir. İnternet mühitini araşdıran başqa tədqiqat firmaları bir qayda olaraq, unikal istifadəçilərin sayını deyil, səhifələrə baxış sayını əsas götürürlər. StatCounter xidmətini buna nümunə kimi göstərmək olar.
Onun hesablamalarına görə, Chrome ən populyar brauzerdir və onun bazar payı 43,12% təşkil edir.
Mənbə: Milli.Az