Qadin.NET / Bir ailədən müharibəyə gedən beş nəfər

Bir ailədən müharibəyə gedən beş nəfər

 44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.
Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların dördü hərbi pilotdur, biri isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.
Bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:
“İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər. Oğlanlarım da əmilərinə baxıb pilot peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə idarə edəcəyik.

Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın? Qardaşlarım yük təyyarəsi idarə ediblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”.

12 yanvar 2021
GO BACK