Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.
“Biz, Azərbaycan Respublikasının Prezidenti İ. H. Əliyev, Ermənistan Respublikasının Baş naziri N. V. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V. V. Putin aşağıdakıları bəyan edirik:
1. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından 9 Noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndini həyata keçirmək üçün Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikası, Ermənistan Respublikası Baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyasının Hökümət Sədrinin müavininin müştərək rəhbərliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrup ilk iclasını 2021-ci il yanvarın 30-dək keçirərək, dəmir yolu və avtomobil əlaqəsini prioritet kimi müəyyənləşdirərək, Bəyanatın 9-cu bəndinin icrasından irəli gələn əsas fəaliyyət istiqamətlərini hazırlayacaq, və həmçinin Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası (bundan sonra Tərəflər adlandırılır) arasında digər istiqamətləri müəyyənləşdirəcək.
3. Əsas fəaliyyət istiqamətlərini həyata keçirmək üçün İşçi Qrupunun həmsədrləri bu sahələr üzrə Tərəflərin səlahiyyətli orqanlarının və təşkilatlarının vəzifəli şəxsləri arasından ekspert alt qruplarının tərkibini təsdiqləyəcəklər. Ekspert alt qrupları İşçi Qrupun iclasından bir ay sonra Tərəflərin ən yüksək səviyyədə həyata keçirilməsi və təsdiqlənməsi üçün zəruri mənbələr və tədbirlər planı daxil olmaqla layihələrin siyahısını təqdim edəcəklər.
4. İşçi Qrup, 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq nəqliyyat daşımalarının təşkili, həyata keçirilməsi və təhlükəsizliyi, habelə Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazilərindən keçməyi tələb edən Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən nəqliyyat daşımaları üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlərin ən yüksək səviyyədə həyata keçirilməsinin siyahısı və cədvəlini Tərəflərin təsdiqinə təqdim edəcəkdir”.