Qadin.NET / XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq

XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib/
Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir.

İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.

Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

9 yanvar 2021
GO BACK